Ötən yay Fransanın "Lill" klubundan icarə əsasında "Sabah"a keçən, yanvarda isə transfer hüquqları birdəfəlik əldə olunan Aaron Maluda karyerasını İsveçrə çempionatında davam etdirəcək.
Bakıvaxtı.az Fransanın nüfuzlu "L'Équipe" nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı fransalı vinger "Bazel" klubu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.
Hər iki klub rəhbərliyi arasında aparılan intensiv danışıqlar müsbət yekunlaşıb və tərəflər 3 milyon avro (5.520.000 manat) qarşılığında sövdələşməni tamlaşdırıblar.
Fransa U-19 millisinin sabiq üzvü geridə qalan mövsümdə Masazır təmsilçisinin düşərgəsində nümayiş etdirdiyi parlaq oyunla diqqət mərkəzinə düşüb. Paytaxt klubunun forması ilə meydana çıxdığı 29 rəsmi matçda 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalan gənc hücumçu komandanın aparıcı qüvvəsinə çevrilmişdi.
Bu transfer Azərbaycan Premyer Liqasından Avropanın köklü klublarına reallaşan ən diqqətçəkən keçidlərdən biri kimi qiymətləndirilir.
Bakı 



