İyunun 18-də Ukrayna Moskvaya son iki ildə ən böyük dron hücumunu edib. Bir sutka ərzində Moskva regionu üzərində 194 PUA vurulub.
Bu barədə Moskva meri Sergey Sobyanin bildirib. Onun sözlərinə görə, Ukrayna PUA-larının hədəflərindən biri Moskvanın cənub-şərqində yerləşən Neft Emalı Zavodu olub. Belə ki, Ukrayna son üç gündə zavoda ikinci dəfə hücum edib, zavodda yanğın başlayıb.
PUA hücumundan sonra “Sadovod” ticarət mərkəzində də yanğın başlayıb.
Paytaxta dron hücumu ilə bağlı Moskvanın bütün hava limanları - “Vnukovo”, “Domodedovo”, “Şeremetyevo” və “Jukovski” aeroportları fəaliyyətini dayandırıb.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, hava hücumundan müdafiə sistemləri bir gecə ərzində ölkənin 17 bölgəsi üzərində 555 dronu ələ keçirib və məhv edib.
Ukraynanın Moskvaya kütləvi dron hücumuna görə paytaxtın hava limanlarında 260-dan çox uçuş təxirə salınıb və ya ləğv edilib.
Aviaşirkətlər sərnişinləri hava limanına gəlməməyə, biletlərini qaytarmağa və ya dəyişdirməyə çağırıb.
Elçin Alıoğlu: Bu, qisas deyil, Ukraynanın asimmetrik cavabıdır
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Elçin Alıoğlu bildirib ki, Rusiya artıq 5 ildir, Ukraynada dağıdıcı, amansız və işğalçı müharibə aparır:
“Bütün beynəlxalq hüququn qaydalarını, müharibə hüququnun prinsiplərini və insan hüquqlarının preambulasını kobud şəkildə pozur. Yəni, soyqırım törədir. Bütün infrastrukturu, hədəf obyektləri, hamilə qadınları, uşaqları və yaşlıları - bir sözlə, hamını hədəf kimi görür”.
Müsahibimizin fikrincə, Rusiya müharibədə qalib gəlmir:
“Artıq 1 milyona yaxın rusiyalı ya həlak olub, ya xəsarət alıb, ya da yaralanıb. Lakin Rusiya qarşısına qoyduğu məqsədlərin heç birinə çatmayıb. Belə bir şəraitdə Rusiya hərbi-siyasi rəhbərliyi döyüş meydanında dönüş yaratmaq üçün Ukraynanın müxtəlif bölgələrini, o cümlədən Kiyevi vurmaq qərarına gəlib. Bu zaman bütün ukraynalılar üçün müqəddəs olan Kiyev-Peçersk Lavrası yanğına məruz qalıb. Kilsə monqolların işğalı da daxil olmaqla müxtəlif müharibələrdə zərər görüb, lakin yaşayıb və yaşayacaq. Çünki o, Ukrayna xalqının simvollarından biridir”.
Həmsöhbətimiz əlavə edib ki, bəzi media orqanlarında Ukrayna ordusunun Rusiya paytaxtına və digər şəhərlərə dronlarla hücum etməsi “qisas əməliyyatı” kimi təqdim olunur:
“Lakin bu, tam olaraq belə deyil. Müharibə başlayandan bu günə qədər ilk dəfə olaraq Rusiya paytaxtı bu qədər kütləvi dron hücumuna məruz qalıb. Ukrayna dronlardan istifadə edərək Rusiya ərazisində əməliyyatlar həyata keçirib. Dronlar Rusiya Federasiyasının müxtəlif şəhərlərinə yönləndirilib. O cümlədən 200 pilotsuz uçuş aparatı Moskva istiqamətində hədəflənib. Onlardan 137-si vurulub, qalanları isə müxtəlif ərazilərə düşüb: Solnsevo, Lyubertsı və xüsusilə də Moskva yaxınlığında yerləşən neft emalı kompleksləri istiqamətinə. Orada milyonlarla ton neft ehtiyatı var. Həmin ərazidə kütləvi yanğın və ya böyük partlayış baş verərsə, təxminən 150 min insanın həyatı ciddi təhlükə altına düşə bilər. Yeni Kapotnya bölgəsində yerləşən neft kompleksində güclü partlayışlar baş verib və bu barədə videokadrlar da yayılıb”.
Elçin Alıoğlunun fikrincə, bu, qisas deyil, Ukraynanın asimmetrik cavabıdır:
“Çünki Ukraynanın hədəflədiyi obyektlər birbaşa Rusiya hərbi sənayesini və müharibənin maliyyələşmə mənbələrini təmin edən infrastruktura aiddir. Yəni bunlar müharibənin aparılmasına xidmət edən obyektlərdir. Ona görə də Ukraynanın bu zərbələrində qeyri-qanuni bir şey yoxdur. Ukrayna müharibə qanunlarını pozan tərəf deyil, əksinə, müharibə qanunlarının pozulduğu bir müharibədə özünü müdafiə edən tərəfdir”.
Həmsöhbətimiz vurğulayıb ki, Ukraynanın cavabı beynəlxalq hüquq çərçivəsində adekvat və qanunidir:
“Bunun əvəzində isə Rusiya rəsmiləri bəyan ediblər ki, Ukraynaya daha dağıdıcı zərbələr endiriləcək. “Dağıdıcı zərbə” dedikdə təkcə hərbi obyektlər yox, məktəblər, liseylər, yataqxanalar da nəzərdə tutulur. Çünki Rusiya propaqandasına görə həmin obyektlər guya Ukrayna ordusuna xidmət edir. Belə bir situasiya ilə üz-üzəyik. Kreml artıq öz mövqeyini bildirib. Bütün rəsmi şəxslər müxtəlif bəyanatlarla çıxış ediblər.
Məsələn, Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən bildirib ki, Rusiya tərəfindən Ukraynaya çox ağır zərbələr endiriləcək:
“Eyni zamanda vurğulayıb ki, “Ukrayna ilə artıq sözlə nəyəsə nail olmaq mümkün deyil”. Eyni ritorika və eyni mövqe müxtəlif rəsmi şəxslərin çıxışlarında da özünü göstərir”.

Elçin Xalidbəyli: Ukrayna ordusu Rusiyanın dərinliklərinə sarsıdıcı zərbələr vurur
Politoloq Elçin Xalidbəyli isə Bakıvaxtı.az-a bildirib ki, son vaxtlar Ukraynanın hücumları Rusiya üçün ciddi problemlər yaradır:
“Çünki əvvəllər savaş yalnız Ukrayna ərazilərində gedirdi. Rusiya həm ümumi ölçü baxımından, həm də əhalisi ilə bu savaşı demək olar ki, hiss etmirdi. Yalnız xəbər səviyyəsində, ölkələrinin, yəni Rusiyanın müharibə içində olduğunu bilirdilər. Ancaq indi situasiya çox ciddi şəkildə dəyişib. Artıq Ukrayna müharibəni öz ərazisindən paralel olaraq Rusiya ərazisinə də keçirməyə nail olub”.
Analitik qeyd edib ki, Ukrayna ordusu Rusiyanın dərinliklərinə sarsıdıcı zərbələr vurur:
“Bu zərbələr Rusiyaya həm iqtisadi, həm də hərbi ziyan vurmaqla yanaşı, Rusiya əhalisinə də müharibənin təsirlərini hiss etdirir. Rusiya cəmiyyəti artıq Ukrayna müharibəsinin təsiri altındadır. Təbii ki, bu da Ukraynanın müəyyən hərbi-psixoloji üstünlük əldə etməsinə imkan yaradır. Kremlin buna verəcəyi cavab böyük ehtimalla daha ağır hərbi zərbələr ola bilər. Ancaq müşahidələr göstərir ki, Rusiya zərbələr endirsə də, bu, Ukraynada əvvəlki effekti yaratmır”.
Elçin Xalidbəylinin qənaətincə, Kiyev bu savaşa artıq uyğunlaşıb və buna görə də Rusiya zərbələrinə qarşı müdafiə olmağı bacarır:
“Ən əsası isə Ukraynanın sarsıdıcı zərbələri Kremlin müharibəyə yönəlmiş xərclərini 60%-ə qədər artırmaq məcburiyyətində qoyub. Bu da onu göstərir ki, Ukraynanın zərbələri kifayət qədər effektivdir və Rusiya üçün ciddi problemlər yaradır. Rusiya müdafiə olmaqda çətinlik çəkir. Putinin bu vəziyyətdə hansı addımları ata biləcəyi hələlik qeyri-müəyyəndir”.
Müsahibimiz sonda vurğulayıb ki, əgər Kremlin əlində Ukraynaya indikindən daha ağır zərbələr endirmək imkanı olsaydı, ehtimal ki, Rusiya bunu artıq etmiş olardı:
“Beləliklə, müharibə meydanında vəziyyət ciddi şəkildə Ukraynanın xeyrinə dəyişməyə başlayıb. Bu da o deməkdir ki, danışıqlar masasında da balans Ukraynanın xeyrinə dəyişə bilər”.
Aynur Babazadə
Bakı 



