• Bakı 29° C

    2.47 m/s

  • USD - 1.7

    EUR - 1.9589

    RUB - 2.334

Ucuz neft, ucuz dollar: Trampın planı Azərbaycana nə vəd edir?

İQTİSADİYYAT

19 Iyun 2026 | 15:19

Ucuz neft, ucuz dollar: Trampın planı Azərbaycana nə vəd edir?

Analitiklərə görə, İran-ABŞ razılaşmasından sonra dolların qiyməti kəskin şəkildə aşağı düşəcək. Bu kontekstdə ABŞ-nin güclü iqtisadi göstəriciləri, o cümlədən məşğulluq rəqəmləri və Federal Ehtiyat Sisteminin 2026-cı ildə faiz dərəcələrini artıra biləcəyi ilə bağlı gözləntilər Amerika valyutasına dəstək verməkdə davam edir.

Əgər dolların dəyərdən düşməsi baş verərsə, geosiyasi aləmdə və ölkəmizdə iqtisadi vəziyyətə necə təsir edə bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan sabiq maliyyə naziri, iqtisadçı Fikrət Yusifov bildirib ki, ABŞ ilə İran arasında imzalanan memorandum tərəflər arasında heç bir hüquqi öhdəlik yaratmır. Memorandumda əks olunan bəndlər tərəflərin sülhə çatmaq yolundakı niyyətlərindən dolayı heç nə deyil:

"Tərəflər arasında ilkin razılaşma kimi təqdim olunan bu sənəddə əks olunmuş bir çox məqamlar kifayət qədər kövrək və anlaşılan deyil. İran nüvə silahı yartmaqdan imtina edəcəkmi? SEPAH buna razılıq verəcəkmi? İranda bu günə qədər zənginləşdirilmiş bir neçə yüz kiloqram uranın ya məhv edilməsinə, ya da başqa bir tərəfə təhvil verilməsinə molla rejimi razı olacaqmı? İran bölgədəki proksilərini maliyyələşdirməkdən əl çəkəcəkmi? İsrail bölgədə İranla bağlı tələblərindən geri duracaqmı? Bir sözlə, tərəflər ilkin mərhəllədə danışıqları başlamaq üçün razılıq əldə etsələr də, prinsipial məsələlərdə razılığa gəlmələri o qədər də asan olmayacaq. Bütün hallar üçün bizə qarşıdakı iki ayda prossesləri izləmək qalır".

İqtisadçı qeyd edib ki, dünya neft bazarı Hörmüz boğazının açılacağını eşidən kimi buna reaksiya verdi və indi neftin qiymətləri sürətlə aşağı düşməkdə davam edir:

"Əgər ABŞ ilə İran arasındakı danışıqlar sülh müqaviləsi ilə yekunlaşarsa, o halda neftin bir barelinin qiyməti bu ilin sonuna qədər 55-60 dollara düşə bilər.      

Açığını deyim ki, mən bu danışıqların ciddi və etibarlı olacağına bir o qədər də inanmıram. Lakin bütün hallar üçün bölgədə sülhün yaranması region ölkələrinin istəyinə uyğundur”.

Fikrət Yusifov: Trampın seçki öncəsi vəd etdiyi ucuz dollar, ucuz neft strategiyası işə düşəcək

Müsahibimiz bildirib ki, əgər iki ayın yekununda tərəflər arasında sülh müqaviləsi bağlanarsa, bundan sonrakı dönəmdə Trampın seçki öncəsi vəd etdiyi ucuz dollar və ucuz neft strategiyası işə düşəcək:

“Yəni, Tramp ABŞ iqtisadiyyatının inkişafına təkan verəcək bu nəticələri əldə etməyə çox yaxın olacaq".

F.Yusifov onu da vurğulayıb ki, ucuz neft və ucuz dollar dünya bazarlarında da qiymətlərin sabitləşməsi üçün bir əsas yaradacaq:

"Azərbaycana gəlincə isə neftin qiymətlərinin kəskin düşməsi və ABŞ dollarının ucuzlaşması bizim valyuta gəlirlərimizin azalmasına səbəb olsa da, bir çox idxal məhsullarının qiymətlərində ucuzlaşma ola bilər. Lakin yaxın bir il ərzində nə neftin qiymətlərinin azalması, nə də dolların ucuzlaşması milli valyutamızın kursuna təsir edəcək. Çünki bizim milli valyutamızın məzənnəsi Mərkəzi Bank tərəfindən tənzimlənir. Yəni, manat üzən məzənnəyə keçmədiyindən dolların uczlaşması və ya başalaşması ona birbaşa təsir etmir".

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Iyun 2026