Xəbər verdiyimiz kimi, Rusiya Ukrayna ərazisinin təxminən 15 faizini təşkil edən Luqansk, Donetsk, Xerson və Zaporojyedə referendun keçirəcək.
bakıvaxtı.az xəbər verir ki, rəsmi Moskva dörd regionun heç birinə tam nəzarət etmir. Donetsk vilayətinin təxminən 60 faizinin Rusiyanın əlində olduğu məlumdur.
Müharibədən əvvəlki əhalinin əksəriyyətinin qaçdığı ərazilərdə səsvermə zamanı müstəqil müşahidəçilər olmayacaq.
Seçkiləri izləyən ATƏT nəticələrin Ukrayna qanunlarına və ya beynəlxalq standartlara uyğun gəlmədiyi, regionların təhlükəsiz olmadığı üçün hüquqi qüvvəyə malik olmayacağını açıqlayıb. Avropa Birliyi, NATO və ABŞ nəticələri tanımayacaqlarını açıqlayıb.
Moskva isə referendumun region xalqlarının öz fikirlərini ifadə etmək üçün bir fürsət olduğunu müdafiə edir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov müsahibəsində “Xüsusi hərbi əməliyyatın əvvəlindən, hətta ondan da əvvəl biz demişdik ki, xalqlar öz taleyini həll etməlidirlər və indiki vəziyyət təsdiqləyir ki, bu xalqlar öz taleyinin sahibi olmaq istəyirlər”, - deyib.
Rəsmi Kiyev isə bəyan edib ki, Moskva 2014-cü ildə Krımın ilhaqına oxşar metodu izləyir. Ukrayna xarici işlər naziri Dmitro Kuleba referendum qərarlarına reaksiya verərək, qeyd edib ki, saxta referendumlar heç nəyi dəyişməyəcək.
Aytac Aslan
















