SİMA vasitəsilə məsafədən bank hesabı açmaq imkanı yaradılıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu AzInTelecom-un Məhsul və Xidmətlər Şöbəsinin müdiri Tamerlan Məşədihəsənli Bakıda keçirilən “Fintex Summit 2025” maliyyə və texnologiyalar sərgisində bildirib.
O bildirib ki, banklar və digər maliyyə qurumları SİMA KYC sayəsində vətəndaşların şəxsiyyətini real vaxt rejimində yüksək dəqiqlik və etibarlılıqla təsdiqləyə bilirlər.
“Ölkəmizdə təxminən 20 qurum artıq bu texnologiyadan istifadə edir. Bu məhsul banklar və digər maliyyə qurumları üçün şəffaf və təhlükəsiz identifikasiya imkanı formalaşdırır. SİMA KYC Mərkəzi Bankın “Məsafədən bank hesabının açılması” tələblərinə tam uyğundur. Məhsulu inteqrasiya edən qurumlar bu vasitə ilə ikifaktorlu autentifikasiya imkanına sahib olurlar. Vətəndaşlar isə istənilən yerdən, istənilən vaxt mobil cihaz və ya kompüter vasitəsilə bank hesabı aça və digər əməliyyatları yerinə yetirə bilirlər”- şöbə müdiri vurğulayıb.
O əlavə edib ki, artıq bu məhsul dövlət sektorunda da tətbiq edilir: “ Elə bu günlərdə keçirilən müəllimlərin sertifikasiya imtahanı zamanı SİMA KYC-dən istifadə olunub. Belə ki, başqasının əvəzinə imtahana girmə hallarının qarşısını almaq məqsədilə iştirakçıların kimliyi məhz SİMA texnologiyası ilə anında təsbit edilib”.