• Bakı 10° C

    5.03 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Şizofreniya xəstəsi 12 yaşlı uşağı bıçaqladı - TƏFƏRRÜAT

HADİSƏ

25 Aprel 2024 | 14:36

Şizofreniya xəstəsi 12 yaşlı uşağı bıçaqladı - TƏFƏRRÜAT

Bakıda qonşusunu bıçaqlayan şəxsə hökm oxunub.

Bakıvaxtı.az xəbər verir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın İsrayıl Cəfərzadə, 12 ünvanında baş verib. Həmin ünvanda yaşayan 1983-cü il təvəllüdlü Sərkar Məmmədov (soyadlar şərtidir) Atatürk liseyinin 6-cı sinif şagirdi, 2012-ci il təvəllüdlü Ömər Əliyevi bıçaqlayıb.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmədə ifadə verən təqsirləndirilən şəxs bildirib ki, Ömər nadinc uşaqdır. Dəfələrlə onun məhəllədəki azyaşlı qızlara qarşı əxlaqsız hərəkətlər etdiyini görüb. Sərkar Ömərin onların məhəlləsinə gəlməsindən qəzəblənib və bıçaqla ona xəsarət yetirib. Daha sonra isə könüllü olaraq polisə təslim olub. Təqsirləndirilən şəxs ifadəsində qeyd edib ki, psixi xəstəliyi var və əvvəllər Maştağa qəsəbəsində yerləşən ruhi əsəb dispanserində müalicə alıb.

Şahidlər də məhkəmədə verdikləri ifadələrində Sərkarın Öməri bıçaqladığını təsdiqləyiblər.

Məhkəmə psixiatrik ekspertizasının rəyində qeyd olunub ki, təqsirləndirilən şəxsə paranoidal şizofreniya diaqnozu qoyulub:

“O, cinayət əməlini törədən zaman paranoidal şizofreniya xəstəliyindən əziyyət çəkib. Öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmayıb. Buna görə də təqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir”, - deyə ekspertiza rəyində bildirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 126.2.3-cü və 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə təqsirləndirilən Sərkar Məmmədov nəzərdə tutulan əməllərini anlaqsız vəziyyətdə törətdiyindən Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətindən və cəzadan azad edilib. Onun Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi ilə bağlı qərar qəbul edilib.


SON XƏBƏRLƏR

26 Dekabr 2024