Xəbər verdiyimiz kimi, Rusiya yeni antigen tərkibli COVID-19 peyvəndi hazırlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə bildirən Rusiyanın Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Araşdırma Mərkəzinin direktoru Aleksandr Gintsburqun sözlərinə görə, COVID-19-un yeni “delta-omikron” ştamının yaranması nəzərə alınaraq yeni antigen tərkibli peyvənd hazırlanıb.
"Hazırda Səhiyyə Nazirliyindən “Sputnik V”nin bir antigen tərkibini digəri ilə əvəz etməyə imkan verəcək reqlamentin tətbiqini gözləyirik”.
Mərkəz direktoru bildirib ki, mövcud “Sputnik V” peyvəndi əvvəlki ştamlarla müqayisədə yeni “omikron”a qarşı daha pis mübarizə aparır.
Əksər ölkələr kimi, Azərbaycanda da digər vaksinlərlə yanaşı “Sputnik V” peyvəndi də vurulur. Belə olan halda, bu vaksinin vurulması nə dərəcə düzgündür?
İnfeksionist Nicat Əzimli Bakıvaxtı.az-a bildirib ki, ümumiyyətlə, üzərində ən çox araşdırma aparılmış, xüsusilə şəffaflığı ən yüksək olan tədqiqat nəticələri mRNT vaksinləri ilə bağlıdır: “Buna görə də “Moderna” və “Pfizer” vaksinləri haqda daha əminliklə deyə bilirik ki, bunlar hazırda bütün variantlara qarşı effektivdir. Burada ən azı 3 doza almış şəxslərdən söhbət gedir”.
N.Əzimli vurğulayıb ki, “Sputnik V” və digər vaksinlərinsə xüsusilə “omikron”un sonuncu mutasiyalarından sonra inkişaf etdirilməsinə ciddi ehtiyac var: “Çünki bu subvariantlar yaradılmış süni immuniteti dəf edə bilmək xüsusiyyəti daşıyır”.
Aytac Aslan
















