• Bakı 16° C

    5.57 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0995

Sülh prosesini dayandırmaq qeyri-mümkündür: Bizi müəyyən qədər narahat edən məsələ…

SİYASƏT

12 Noyabr 2025 | 15:03

Sülh prosesini dayandırmaq qeyri-mümkündür: Bizi müəyyən qədər narahat edən məsələ…

“Azərbaycan bir çox sahədə olduğu kimi Ermənistanla sülh prosesinin irəliləməsində də kifayət qədər böyük uğurlar, nailiyyətlər əldə edib”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, artıq tərəflər arasında sülh prosesi yola çıxıb və geriyədönməz hal alıb:

"Sülh prosesini dayandırmaq qeyri-mümkündür. Artıq sülh prosesini, yəni bu sahədə irəliləyişi dayandırmaq Ermənistan hökumətinin də iradəsindən, imkanlarından kənardadır. Çünki bu prosesdə Amerika Birləşmiş Ştatları da əsas iştirakçılardandır”.

Ceyhun Məmmədov: Hazırkı sülh prosesində Ermənistandan çox az asılı olan məsələlər var

Müsahibimiz qeyd edib ki, Zəngəzur dəhlizinin açılması yönündə işlər gedir. Azərbaycan 2020-ci ildə əldə etdiyi qələbəsini bu gün də qətiyyətlə davam etdirir:

“Azərbaycan regionda özü yaratdığı reallığı daha da möhkəmləndirir. Ona görə hesab edirəm ki, hazırda sülhün önündə ciddi əngəl görmürəm. Hazırda bizi müəyyən qədər narahat edən məsələ Ermənistanda 2026-cı ildə keçiriləcək parlament seçkisidir. Ancaq düşünürəm ki, bu məsələ də sülh prosesinə mane ola bilməz. Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası da gedir. Zəngəzur dəhlizinin hazırlanması istiqamətində işlərə start verilib. Yəni hazırkı sülh prosesində Ermənistandan çox az asılı olan məsələlər var. Ermənistanın yola düşmüş bu karvanın önünü kəsməsi qeyri-mümkündür".

Qeyd edək ki, noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatın qüvvəyə minməsinin 5 il tamam oldu. Məhz 5 il öncə sözügedən sənəd 44 günlük Vətən müharibəsinə son qoyaraq regionda yeni geosiyasi reallıqlar formalaşdırdı. Atəşkəs bəyannaməsi ilə Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi, işğal altında olan torpaqların böyük hissəsinə nəzarəti bərpa etdi. Bu sənəd Cənubi Qafqazda qüvvələr balansını dəyişdirərək, Azərbaycanın regional təşəbbüslərdə aparıcı rolunu daha da möhkəmləndirdi.

Lakin əfsuslar ki, Ermənistan hökumətinin və eləcə də Rusiyanın məsələyə yanaşması səbəbindən üçtərəfli bəyanatın müddəalarını həyata keçirmək mümkün olmadı. Prosesdə irəliləyişə nail olmaq məqsədi ilə Azərbaycan öz imkanlarını səfərbər edərək mühüm addımlar atdı. 2023-cü ilin sentyabrın 19-20-də birgünlük anti-terror tədbirləri ilə Qarabağda separatçıların qalıqları tamamilə təmizləndi. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edildi.

Həmin dövrdən etibarın sülh istiqamətində daha mühüm addımlara şahidlik etdik. Prosesdə praktiki irəliləyiş isə 8 avqustda Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü çərçivəsində imzalanmış sənədlərdən, birgə bəyannamədən və sülhün praflanmasından sonra oldu. Hazırda rəsmi Bakı postmünaqişə dövründə sülh müqaviləsinin imzalanması, kommunikasiya xətlərinin açılması və bölgədə davamlı sabitliyin təmin olunması istiqamətində diplomatik səylərini davam etdirir. Şübhə yox ki, 2025-ci ildə olduğu kimi, gələn il də dövlətimizin beynəlxalq hüquqa, tarixi coğrafi xəritələrə uyğun olaraq Ermənistanla sərhəd xətlərinin delimitasiya və demarkasiyasını davam etdirəcək. Ermənistanla əldə olunan sülh razılaşmalarının həyata keçirilməsi Azərbaycan hökumətinin əsas fəaliyyət istiqamətlərindən olacaq. Gələn il Avropa İttifaqının Ermənistandakı sərhəd müşahidə missiyasını ləğv ediləcəyini də proqnozlaşdırmaq olar. Çünki bu missiya patrulluq müddətdə Azərbaycan tərəfindən hansısa ciddi sərhəd pozuntusu aşkar etməyib. 2026-cı il ərzində Azərbaycanın əsas şərtlərindən biri olan Ermənistan Konstitusiyasında ərazi iddialarının aradan qaldırılması da gözlənilir. Çünki rəsmi Bakı dəfələrlə birmənalı bəyan edib ki, İrəvan üzərinə götürdüyü öhdəlikləri icra etmədən, ələlxüsus ərazi iddialarından qanunvericilik müstəvisində vaz keçmədən yekun sülh sənədinin imzalanması ehtimalı sıfırdır. Digər mühüm məqamlardan biri isə Zəngəzur dəhlizi ilə bağlıdır ki, gələn il çərçivəsində "TRİİP" layihəsi üzərində də Ermənistan tərəfinin daha ciddi addımlar atacağı iddia olunur.

Aydın Baxış


SON XƏBƏRLƏR