• Bakı 24° C

    5.16 m/s

  • USD - 1.7

    EUR - 1.9379

    RUB - 2.1492

Robotların qələmi: Süni intellekt jurnalistikanı təhlükəyə atır?

CƏMİYYƏT

10 Iyun 2025 | 09:57

Robotların qələmi: Süni intellekt jurnalistikanı təhlükəyə atır?

Süni intellektin inkişafı bütün sahələrdə olduğu kimi jurnalistika sahəsindəd də özünü göstərir.

Son zamanlar sosial şəbəkələrdə süni intellekt vasitəsilə yaradılan sorğu, reportaj, müsahibə tipli jurnalistika materialların çoxluğu diqqəti çəkir.

Həmin materiallar isə sözsüz ki, illərdir bu sahədə çalışan, əziyyət çəkən jurnalistlərin əməyinə zərər vurur.

Maraqlıdır, süni intellekt jurnalistikanı tamamilə sıradan çıxara bilərmi?

Azər Həsrət: Belə videolar heç də həmişə xoşməramlı olmaya bilər

Bakıvaxtı.az-a açıqlama verən media eksperti Azər Həsrət onun da qarşısına bu tipli görüntülərin çıxdığını bildirib.

Müsahibimiz qeyd edib ki, həmin videoları görərkən hətta bəzən çaşıb qalır, elə bilir ki, real çəkilişdir:

“Amma cizgilərə, detallara diqqət yetirəndə anlayıram ki, bu, süni intellekt vasitəsilə yaradılıb. Əlbəttə, bu vəziyyət müəyyən mənada təhlükəlidir. Bir tərəfdən texnoloji baxımdan təsirli və cəlbedici görünə bilər, amma digər tərəfdən ciddi təhlükə yaradır”.

A.Həsrət izah edib ki, bu texnologiya vasitəsilə istənilən saxta video hazırlanaraq, istənilən şəxsin adından yayıla bilər ki, bu isə ictimai rəyi açıq şəkildə çaşdıra və manipulyasiya edə bilər.

“Şəxsən mən özüm üçün də bu baxımdan narahatlıq hiss edirəm. Düşünürəm ki, kiminsə ağlına gələ bilər və bizimlə bağlı da saxta bir video hazırlanıb yayıla bilər. Üstəlik, belə videolar heç də həmişə xoşməramlı olmaya bilər. Bu baxımdan, real təhlükə hiss edirəm”.

Bu məsələlərlə bağlı önləyici tədbirlərin görülməsinin olduqca vacib olduğunu deyən ekspert bu sahədə tam qadağaya ehtiyac olmadığını düşündüyünü söyləyib.

Həmsöhbətimizin sözlərinə görə, süni intellektin istifadəsi mümkündür və bu texnologiyanın faydaları da danılmazdır:

“Amma bu cür videolar və görüntülər paylaşılarkən mütləq şəkildə qeyd olunmalıdır ki, material süni intellekt vasitəsilə hazırlanıb və reallığı əks etdirmir”.

Əmrah Mövsümzadə: Bu tendensiya cəmiyyətin informasiya təhlükəsizliyi üçün çox ciddi təhdidə çevrilə bilər

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən informasiya texnologiyaları üzrə mütəxəssis Əmrah Mövsümzadə bildirib ki, süni intellektlə hazırlanmış reportaj və sorğu tərzində kontentlər informasiya məkanında reallıqla manipulyasiya riskini artırır. Onun sözlərinə görə, belə kontent tamaşaçılarda yanlış təsəvvür formalaşdıraraq jurnalistikanın əsas prinsipi olan etibarlılığa ciddi zərbə vura bilər.

Ə.Mövsümzadə qeyd edib ki, gələcəkdə süni kontentin yəni, generativ süni intellekt vasitəsilə hazırlanmış materialların etik çərçivədə istifadəsi və aydın şəkildə etikətlənməsi vacib olacaq:

“Əks halda bu tendensiya cəmiyyətin informasiya təhlükəsizliyi üçün çox ciddi təhdidə çevrilə bilər”.

Generativ şəkil, video və digər multimedia məhsulları hazırlamaq imkanına malik süni intellektin ilk ortaya çıxdığı dövrlə müqayisədə artıq sürətli və nəzərəçarpacaq bir inkişaf mərhələsinə qədəm qoyduğunu söyləyən mütəxəssis əlavə edib ki, biz bu inkişafı əvvəlki süni intellekt modelləri ilə indiki modellər arasında apardığımız müqayisələrdə aydın şəkildə görürük:

“Əvvəllər hazırlanmış generativ kontentlərə diqqətlə baxdıqda, onların süni yolla yaradıldığı bəzi qüsurlar və texniki uyğunsuzluqlardan hiss olunurdu. Lakin son dövrlərdə təqdim edilən süni intellekt modelləri bu nöqsanları demək olar ki, aradan qaldırıb. Artıq süni intellekt mükəmmələ yaxın səviyyədə şəkil və video generasiya edə bilir”.

Müsahibimiz son olaraq nəzərə çatdırıb ki, dövr inkişaf edir və bu inkişaf dövründə süni intellekt də inkişaf edəcək:

“Süni intellektin inkişafı daha da irəliləyəcək, daha da inkişaf edəcək və bu inkişaf təkcə faydaları yox, həmçinin də müəyyən bu tip riskləri də ortaya çıxardacaq”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

10 Iyun 2025