• Bakı 5° C

    1.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Terminalsız dayanacaqlar, yaxud pul yükləmək üçün niyə qapı-qapı gəzməliyik?

CƏMİYYƏT

03 Dekabr 2021 | 16:34 | Müəllif: Qalib İbrahimoğlu

Terminalsız dayanacaqlar, yaxud pul yükləmək üçün niyə qapı-qapı gəzməliyik?

Son vaxtlar vətəndaşların ən çox şikayətləndiyi məsələlərdən biri də əksər dayanacaqlarda “BakıKart” terminallarının olmamasıdır. Bir ərazidə 6-7 dayanacaq olsa da (məsələn, Hüseyn Cavid prospektində) yalnız birində, yaxud ikisində terminal quraşdırılması vətəndaşların karta pul yükləmək üçün digər dayanacağa üz tutmasına, bu da onların haqlı narazılığına səbəb olur.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevin Baklvaxtı.az-a dediyinə görə, hər dayanacaq məntəqəsində ödəmə terminalının olması kimi bir tələb yoxdur: “Bu, normal bir hal da deyil. Eyni zamanda, qeyd etdiyiniz, Hüseyn Cavid prospektində yerləşən Bakı Metropoliteninin Elmlər Akademiyası stansiyası var və stansiyanın daxilində ödəmə terminalları mövcuddur. Dediyiniz kimi, bir dayanacaqda da ödəmə terminalı var. Bundan əlavə, bilirsiniz ki, təkcə dayanacaq məntəqələrində deyil, kənar ərazilərdə də BakıKartın balansını artırmaq mümkündür. Elə Hüseyn Cavid prospektində yerləşən ticarət və iaşə obyektlərində yerləşən MilliÖn vasitəsilə də kartın balansını artırmaq olar. Bununla bağlı əvvəlcədən də həm sosial şəbəkə vasitəsilə, həm də informasiya vasitələri ilə məlumat verilib”.

Onun sözlərinə görə. eyni zamanda, onlayn.bakıkartı.az adlı internet portalı da istifadəyə verilib ki, internet üzərindən də kartın balansını artırmaq mümkündür: “Yəni, bu qədər geniş ödəmə üsulları təqdim olunan bir vaxtda hər bir dayanacaqda ödəmə terminalının olması özlüyündə normal hal deyil”.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov  isə bildirib ki, bu gün həqiqətən də, vətəndaşlar “BakıKart”dan istifadədə böyük çətinliklərlə üzləşirlər: “Dayanacaqların hamısında karta pul yükləmək üçün aparatlar mövcud deyil. Həmçinin, bu aparatların bir hissəsi MilliÖn aparatlarıdır ki, Bakı Nəqliyyat Agentliyinə heç bir aidiyyatı yoxdur. MilliÖn sadəcə bir ödəmə sistemi olaraq müəyyən yerlərdə kartın yüklənməsini də öz üzərinə götürüb. Əslində isə, hər bir dayanacaqda kart yükləmə aparatları olmalıdır. Ən azından, kartıın balansının artırılması imkanları, avtobuslarda da yaradılmalıdır”.

Ekspert deyir ki, ümumilikdə “BakıKart”la yanaşı, vətəndaşlarda mövcud olan debet və kredit kartları vasitəsilə də avtobuslarda ödənişlərin həyata keçirilməsi sistemi təşkil edilməlidir: “Təəssüf ki, biz nəqliyyat sektorunda bir çox məsələlərdə olduğu kimi, bu məsələdə də inkişaf etmiş ölkələrdən geri qalmışıq. Debet və ya kredit kartı ilə ödəmənin həyata keçirilməsi çox sadə bir üsuldur. Bu sistemin qurulması üçün bir neçə ay vaxt lazımdır. Bu sistem qurulsa, vətəndaşlar əziyyət çəkməyəcək” deyən müsahibimizin sözlərinə görə, pensiya kartı vasitəsilə də ödəniş edilməsi mümkün olmalıdır.

Nəqliyyat eksperti İlqar Hüseynlinin sözlərinə görə, BNA bütün dayanacaqlarda modern terminalların quraşdırılmasını təmin etməlidir: ““BakıKart”la bağlı vətəndaşlar arasında ciddi narazılıqlar var. Əslində, çox yaxşı olar ki, həm əlçatanlığın, həm də rahatlığın təmin olunması üçün ödəniş terminalları bütün dayanacaqlarda qoyulsun. Bu sahədə çox ciddi boşluqlar var, sadəcə olaraq, BNA artıq fərqli ödəmə sistemləri də tədbiq edir”.

Ekspert bildirib ki, onlayn ödəmə sistemi də mövcuddur, ancaq vətəndaşlar bu sistemindən də narazılıq edirlər: “Çünki onlayn ödəniş etdikdən sonra köçürdükləri pul vəsaiti karta bir az gec oturur. Çox yaxşı olar ki, BNA həm də bu prosesi tənzimləyə bilsin. BNA bununla bağlı vətəndaşlar arasında geniş təbliğat aparmayıb. Bu gün sorğu keçirsək, vətəndaşlarımızın az bir hissəsi onlayn ödəmə sisteminin tədbiqindən xəbərdar olsuğunu deyəcək. Ümumilikdə isə, elə insanlar var ki, onların karta onlayn pul yükləmə imkanları yoxdur, heç internet istifadəçisi də deyillər. Bu problemi aradan qaldırmaq üçün birmənalı şəkildə razılaşmaq lazımdır ki, BNA hər bir dayanacaqda yeni terminalların quraşdırılmasını təmin etməlidir”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR