Ağ Evdə ABŞ prezidenti Donald Trampla Ukrayna prezidenti Volodimir Zelenski arasında yaşanan son gərginliklə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəzi ekspertlərə görə, sözügedən qalmaqal öncədən planlaşdırılmışdı və Rusiya prezidenti Vladimir Putinə qarşı bir oyundur. Bəziləri isə hesab edir ki, Zelenskinin sərt reaksiyaları onun sonu olacaq və Ukrayna münaqişədə qalib ola bilməyəcək.
Maraqlıdır ki, qarşıdakı dövrdə Tramp-Zelenski münasibəti siyasi gedişata necə təsir edəcək?
Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, əslində proses Suriyadan başlamışdı. Rusiya Suriyanı Qərbə hədiyyə edəndə artıq Ukrayna məsələsi həll olunmuşdu. Yəni, proses paralel getmişdi.
Onun sözlərinə görə, bu baxımdan Tramp və ya Bayden adminstrasiyasının atdığı addımları elə də ciddi qəbul etmək doğru olmaz:
"ABŞ-nin oturuşmuş dövlət siyasəti var və bu siyasət Birləşmiş Ştatların maraqlarına xidmət edir. Rusiya müharibə ilə Ukraynanı, Qərb isə Suriyanı ala bilmədi. Əvvəlki razılaşma fonunda Rusiya bir günün içində Suriyadan çıxdı və Bəşər Əsədi Moskvaya apardı. Baxmayaraq ki, 12 illik müharibədə Bəşər Əsəd yıxılmırdı. Suriyanın 60-70 faizinə nəzarəti ələ keçirən Bəşər Əsəd 48 saat ərzində nəzarəti itirməyə başladı. Nəticə etibarilə ailəsi ilə birlikdə ölkəni tərk edərək, Rusiyada məskunlaşdı. Suriya isə Qərbə verildi və qarşılığında Ukrayna alındı".
Ağasif Şakiroğlu: Amerikayla Rusiya öz maraqlarına uyğun ticarətlə məşğuldurlar
A.Şakiroğlunun fikrincə, indiki məqamda ABŞ-nin Ukraynaya olan münasibətində hansısa qəribəlik yoxdur.
"Bu gün baş verən siyasi proseslər hesablanmış plan üzrə davam edir. Burada itirən yalnız Suriya və Ukrayna xalqı oldu. Dünyada güc savaşı deyil, milli sərvətlər üçün qlobal alver getdi. Rusiya Ukrayna münaqişəsində biabır olmağa doğru getdiyinə görə, Suriyadakı təbii sərvətləri Qərbə verməli oldu. Söhbət nüfuz savaşından gedir", -deyə müsahibimiz vurğulayıb.
Həmsöhbətimizə görə, bu gün Rusiya və Amerika dost ölkə deyil. Onlar sadəcə öz maraqlarına uyğun ticarətlə məşğuldurlar. Onsuz da siyasətdə dostluq yox, maraqların birləşdirdiyi mütəffiqlik var.
Gülşən Şərif