“Ərəb baharı”ndan sonrakı soyuqlaşmaya səbəb olan amillər artıq aradan qalxır, iki ölkə barışığa meyillidir
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Türkiyə arasında “buzlar əriyir”. Mediada gedən məlumatlara görə noyabrın 24-də BƏƏ vəliəhd-şahzadəsi Məhəmməd bin Zayed ən-Nahyan Türkiyəyə rəsmi səfər edəcək.
Adını açıqlamayan Türkiyə hökumət rəsmisi bildirib ki, Şeyx Məhəmmədin Türkiyəyə səfəri zamanı liderlər iki ölkə arasında münasibətlər, ticarət, regional proseslər və qarşılıqlı sərmayə yatırmı mövzularını müzakirə edəcəklər.
Son illərdə iki ölkə münasibətlərində davam edən düşmənçilik bu ilin ortalarında yumşalmağa başlayıb. Bu il avqustun 19-da prezident Ərdoğan Ankarada BƏƏ Milli Təhlükəsizlik müşaviri Şeyx Təhnun bin Zayed ən-Nahyanı qəbul edib. Avqustun 31-də isə vəliəhd-şahzadə Məhəmməd bin Zayed ən-Nahyanla telefonla danışıb. Hər ikisində Türkiyə-BƏƏ münasibətləri, regional məsələlər müzakirə olunub. Elə həmin gün iki ölkənin xarici işlər nazirləri – Mövlud Çavuşoğlu və Abdullah bin Zayid ən-Nahyanla telefonla danışıb.
Türkiyə və BƏƏ arasında münasibətlər 2013-cü ildən açıq şəkildə soyuqlaşmağa başlayıb. Daha sonra isə münasibətlər açıq şəkildə qarşıdurmaya və siyasi-diplomatik cəbhədə qarşıdurmaya qədər yüksəlib. İki ölkə arasında ilk soyuqlaşma 2013-cü ildə Misirdə baş verən hərbi çevrilişdən sonra “gün üzünə çıxıb”. Türkiyə hökuməti açıq şəkildə Misirdə “müsəlman Qardaşlar” hakimiyyətini dəstəkləyib və hazırkı prezident Əbdülfəttah əs-Sisini çevriliş və dinc nümayişçilərə divan tutmaqda ittiham edib.
BƏƏ isə bu zaman Sisinin yanında dayanıb və hər cür dəstək verib. Burda təkcə regional siyasət deyil, həm də dini-ideoloji baxışın da rolu olub. Çünki BƏƏ “Müsəlman Qardaşlar” Hərəkatını özünə düşmən bilir və bu təşkilata qarşı açıq mübarizə aparır.
Daha sonra Liviyada hakimiyyətin parçalanmasından sonra BƏƏ ölkənin şərqində yerləşən mərkəzi Tobruk şəhəri olan Təmsilçilər Məclisi hökumətini dəstəklədi, Türkiyə isə “ixvan”a yaxın olan Tripolidə yerləşən Milli Saziş Hökumətini dəstəklədi və iki ölkə burda da qarşı-qarşıya gəldi. BƏƏ Liviyada general Xəlifə Həftərə geniş maliyyə və silah dəstəyi verməkdə davam edir.
Əlaqələrin daha bir qırılma nöqtəsi isə BƏƏ-nin 2016-cü il 15 iyul qiyamını dəstəkləməsi iddiaları oldu. Bundan sonra Ankara-Əbu Dabi münasibətləri daha da psiləşdi və qarşılıqlı ittihamlara qədər yüksəldi. BƏƏ rəsmiləri hətta Osmanlı paşalarını ərəb tarixi mədəniyyət abidələrini qarət etməkdə günahlandırdılar.
İddialara görə, BƏƏ-nin ABŞ-dakı səfiri Yusif Uteybə sonradan ələ keçən maillərdə qiyam hadisəsində iştirak etməsindən söz açıbmış. Həmçinin BƏƏ əmirinin müşaviri, Fələstin hökumətinin keçmiş daxili işlər naziri, fələstinli Məhəmməd Dahlan qiyama maddi dəstək verməkdə ittiham olunurdu.
2017-ci ildə BƏƏ, Səudiyyə Ərəbistanı, Misir və Bəhreynlə Qətər arasında baş verən siyasi-diplomatik qalmaqalda Türkiyə Qətərə açıq dəstək verdi və bu hadisə Türkiyənin yalnız BƏƏ deyil. digər ərəb ölkələri ilə münasibətlərində soyuqluğa səbəb oldu.
Aralıq dənizinin şərq hissəsində baş verən Türkiyə-Yunanıstan və Misir gərginliyində BƏƏ yenidən Türkiyəyə qarşı cəbhədə yer aldı və Yunanıstana açıq dəstək verdi.
Nəhayət son bir ildə Türkiyədə siyasi qalmaqala çevrilmiş keçmiş mafiya lideri Sedat Pekerin BƏƏ-də məskunlaşaraq Türkiyədə siyasi hakimiyyəti hədəfə alan çıxışları iki ölkə münasibətlərinə əlavə bir soyuqluq qatdı.
Lakin indi artıq iki ölkə münasibətlərində gərgin mərhələ arxada qalıb. Hər iki ölkə barışığa meyillidir. Türkiyə 2020-ci ilin sonlarından başlayaraq region ölkələri ilə münasibətləri qaydaya salmağa çalışır.
BƏƏ də Türkiyə ilə barışığa meyillidir. Burda bir sıra rasional səbəblər də var. Əvvəla, Türkiyə artıq Misirlə barışıq prosesindədir, körfəz ölkələri isə Qətərlə barışıb. Liviyada isə müharibə dayanıb və Qərbin liderliyi ilə siyasi proses başlayıb. Eyni zamanda Suriyada da hərbi münaqişə başa çatmaq üzrədir.
Yəni başqa sözlə, iki ölkə münasibətlərini zədələyən səbəblər artıq böyük ölçüdə zəifləyib, ya da aradan qalxıb. Digər tərəfdən BƏƏ regionda və dünyada ən böyük sərmayədar ölkələrdən biridir. Rəsmi məlumatlara görə, 2005-2017-ci illər ərzində BƏƏ Türkiyəyə 4,7 milyard dollar sərmayə yatırıb. Həmçinin əlaqələrin tamamən pozulduğu 2017-ci ildə (Qətər böhranı) iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 14 milyard dollar olub. Amma sonrakı il bu rəqəm yarıbayarı azalıb.
İndi isə Türkiyədə kəskin inflyasiya baş verir və ölkə maliyyə sistemini xilas etmək üçün böyük miqdarda yatırıma ehtiyac var. “Bloomberg” Agentliyinin yazdığına görə, hazırda Türkiyə hökuməti ilə BƏƏ-nin “Abu Dhabi Investment Authority” (ADIA) və “ADQ” Fondu ilə sərmayə qoyuluşu ilə bağlı danışıqlar aparılır. Danışıqlara əsasən BƏƏ maliyyə qurumları Türkiyənin tibb və maliyyə sektoruna 1 milyard dollar sərmayə yatırmağa hazırlaşır. Bundan başqa Dubayda yerləşən “Aramex” təchizat şirkətinin Türkiyənin “MNG Kargo” şirkətini satın alması istiqamətində danışıqlar apardığı da bildirilir.
Başqa sözlə. Hazırda iki ölkə də münasibətləri bərpa etməyə istəkli və bundan qazanclı çıxacağına inanır. Bu mənada yaxın zamanda BƏƏ-Türkiyə əlaqələrinin bərpa olunacağı, körfəzin bu kiçik, amma iddialı ölkəsi ilə Türkiyə arasında dostluğun bərpa olunacağı qaçılmazdır. Bu yaxınlaşma BƏƏ-nin Ermənistanla qurulan kövrək əlaqələrinə də təsir edəcək, güman ki, artıq Əmirlik rəhbərliyi erməni məsələsində daha ehtiyatlı xətt tutacaq.
Analitik şöbə
Bakıvaxtı.az
















