Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İqamətgahında çıxışında Suriyadakı hakimiyyət dəyişikliyi nəticəsində həm Türkiyənin, həm də regionun gələcəyi üçün yeni fürsətlərin yarandığını bildirib. Onun sözlərinə görə, Suriyada baş verən hadisələr Türkiyəni yaxından maraqlandırır və Türkiyə terrorizmlə mübarizədə öz hədəfinə çatacaq.
Maraqlıdır ki, Əsəd rejiminin devrilməsindən sonra Türkiyənin terrorla mübarizəsində effektiv nəticə olacaqmı?
Siyasi şərhçi Kənan Novruzov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bu vaxta kimi Bəşər Əsəd rejimi Türkiyənin terrorla mübarizəsinə mane olurdu.
Onun sözlərinə görə, Əsəd rejimi devriləndən sonra rəsmi Ankara Suriyanın yeni hakimiyyəti ilə bu məsələdə ortaq dil tapacaq:
"Suriyda Bəşər Əsəd rejiminin devrilməsi Türkiyə üçün strateji əhəmiyyətli məsələ idi. Bu, ölkə daxilində, Suriya və İraqda terrorla mübarizənin gücləndirilməsinə təkan verəcək. Artıq Türkiyənin terrorizmə qarşı mübarizəsi daha effektiv olacaq. Hətta Suriyanın yeni hakimiyyəti qurulmadan öncə Türkiyə ilə yeni konsesus əldə edilmişdi. Məhz bundan sonra Türkiyə Suriyadakı siyasi proseslərin dəyişməsini dəstəklədi. Suriyadakı yeni rejim öz öhdəliklərini yerinə yetirməyə məcburdur".
Kənan Novruzov: Bu il Suriya və İraqın şimalı terrorçulardan təmizlənəcək
K.Novruzov hesab edir ki, bu il Türkiyənin terrorçulara qarşı mübarizəsində ciddi nəticələrin əldə olunacağı gözləniləndir.
"Bu il Suriya və İraqın şimalı yüksək ehtimalla terrorçulardan təmizlənəcək. Bu, Türkiyədə məskunlaşan qaçqınların öz ölkələrinə qayıtmasına şərait yaradacaq və ölkə daxilindəki işsizlik problemini həll edəcək. Bu kontekstdə 2025-ci il Türkiyə üçün əhəmiyyətli və yaddaqalan olacaq".
Müsahibimizə görə, Türkiyənin terrorizmlə mübarizəsində beynəlxalq ictimaiyyətin rolu da olmalıdır:
“Fikrimcə, rəsmi Ankara bu məsələdə Rusiya və İran kimi dövlətlərlə konsesus əldə edə biləcək".
Gülşən Şərif