Lvovda mayın 9-da Ukraynaya qarşı cinayətlər üzrə xüsusi tribunalın yaradılması üzrə koalisiyanın xarici işlər nazirlərinin iclası keçirilib.
Bakıvaxtı.az-ın DW-yə istinadən verdiyi məlumata görə, iclasın yekununda xüsusi tribunalın yaradılması haqqında bəyannamə imzalanıb.
Sənədi tribunalın yaradılması üzrə Əsas Qrupa daxil olan ölkələrin xarici işlər nazirləri imzalayıblar.
Növbəti addım Ukrayna Prezidenti Volodimir Zelenskinin tribunal yaratmaq üçün rəsmi müraciəti olmalıdır. Müraciətin Avropa Şurasının Baş katibinə qurumun mayın 13-14-də keçiriləcək iclasında təqdim ediləcəyi gözlənilir. Bundan sonra Avropa Şurasının Nazirlər Komitəsi tribunalın yaradılması üçün rəsmi prosedura başlamalıdır.
Ehtimal olunur ki, proses həm fiziki iştirakla, həm də qiyabi iştirakla aparıla bilər. Təqsirləndirilən şəxsləri 30 ilədək, xüsusilə ağır hallarda isə ömürlük həbs cəzası gözləyəcək.
Koalisiyaya xüsusi tribunalın yaradılmasına siyasi dəstək ifadə edən 44 ölkə qoşulub.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas tribunalın gələn il işə başlaya biləcəyini söyləyib.
“İlk hökmlər üçün konkret bir tarix deyə bilmərəm, lakin gördüyüm sənədlər bunun 2026-cı ildə başlamalı olduğunu deyir. Məhz o zaman məhkəmə prosesi başlamalıdır”, - o deyib.