• Bakı 20° C

    5.57 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Test tapşırıqları əvvəlki illə müqayisədə çox çətindir: İmtahan modelindəki dəyişiklik nəticələrə təsir göstərdi

CƏMİYYƏT

24 Iyun 2024 | 14:35

Test tapşırıqları əvvəlki illə müqayisədə çox çətindir: İmtahan modelindəki dəyişiklik nəticələrə təsir göstərdi

Fevralın 11-də magistratura səviyyəsi üzrə qəbul imtahanlarının birinci cəhdi, ikinci cəhdi isə aprelin 28-də keçirilib.

Dövlət İmtahan Mərkəzindən Bakıvaxtı.az-a verilən məlumata görə, magistratura üzrə ixtisas seçimi 2024-cü il iyunun 21-dən 30-dək aparılacaq.

Amma bu il digər illərlə müqayisədə balakavrların ballarında kəskin azalma müşahidə olunub.

Buna səbəb nədir? Yığılan balların az olması qəbul prosesinə necə təsir edəcək?

Kamran Əsədov: Magistraturaya qəbul fənləri ali təhsil müəssisələrində tədris olunmur

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, bu gün magistratura pilləsində keçirilən imtahanların bütün fənləri ali təhsil müəssisələrində tədris olunmur, yəni onlar imtahan iştirakçılarının, bakalavrların fərdi qaydada əldə etdiyi bilik və bacarıqları nəticəsində formalaşan informasiyalardır. Onun sözlərinə görə,  elə bu səbəbdən də ali təhsil müəssisələrinin magistr imtahanının nəticələri ilə bağlı fəxr etmələrinin heç bir əsası yoxdur.

Təhsil eksperti qeyd edib ki, imtahanın məzmununa nəzər saldıqda, imtahanda bakalavrların riyazi məntiq suallarına, İT səviyyədə informatika suallarına, həmçinin ən azı C1 səviyyəsində xarici dil fənnindən suallara cavab verməli olduğunu görürük. Amma bunların heç biri ali təhsil müəssisələrində tədris olunmur:

“Fənlər ola bilər ki, olsun. Amma məsələn, məntiq humanitar məntiq olaraq keçirilir, riyazi məntiq yox. İnformatika yalnız bir semestr keçirilir, yalnız ixtisas istisna olunmaqla. Digər qeyri-ixtisaslarda bu fənn xüsusən Dövlət İmtahan Mərkəzinin imtahanları modellərində tədris olunmur. Xarici dil isə maksimum 1-2 semestr keçirilsə də, yenə də imtahan modelinə uyğun deyil. Yəni magistr imtahanlarında uğur qazanmaq istəyən bakalavrlar mütləq repititor yanına, hazırlıq kurslarına getməlidirlər”.

K.Əsədov deyib ki, ali təhsil müəssisələrində ixtisas fənlərində belə essə o qədər ciddi tədris olunmadığı halda DİM yazı bacarıqlarını da yoxlayır və bu da avtomatik olaraq bu il məhz esse ilə bağlı test tapşırıqlarına görə imtahan iştirakçılarının bal itirməsinə gətirib çıxarıb:

“Məhz xarici dil fənnindən essenin tələb olunması imtahan iştirakçılarının minimum 5 bal itirməsinə səbəb olub”.

Onun sözlərinə görə, bu il magistraturaya qəbul imtahanında iştirakçıların sayında çoxalma olub. Nəticələrin aşağı olmasının səbəblərinə gəlincə, müsahibimiz vurğulayıb ki, bunun birinci səbəbi xarici dil fənnindən essenin tələb olunması, digər səbəbi isə informatika fənnindən təqdim edilən sualların daha çox hesablama tələb etməsidir.

K.Əsədov bildirib ki,  məntiq bizim imtahan iştirakçılarının illərdir əziyyət çəkdiyi fəndir:

“Məntiq fənni texniki və təbiət yönümlü ixtisaslarda təhsil alan tələbələr üçün asan ola bilər, amma etiraf edək ki, hümanitar, həmçinin qabiliyyət tələb edən ixtisaslarda oxuyan bakalavrlar bu tipli test tapşırıqlarını cavablamaqda əziyyət çəkirlər”.

Həmsöhbətimiz onu da nəzərə çatdırıb ki, əvvəlki illərlə müqayisədə bu il yüksək bal toplayanların sayı ciddi şəkildə azalıb:

“Məsələn, keçən il 55-dən yuxarı bal toplayanların sayı ilə builki müqayisədə baxanda kəskin azalma var və bu, müəyyən ixtisaslar üzrə formalaşacaq ballara təsir göstərəcək. Keçən il 60-70-dən yuxarı bal toplayanların sayı bu illə müqayisədə 50% çoxdur. Bu isə birmənalı şəkildə sualların süni şəkildə çətinləşməsinin nəticəsidir. Bu o demək deyil ki, qəbul imtahanlarının məzmunu dəyişib. Xeyr. Test tapşırıqları əvvəlki illə müqayisədə çox çətindir. Həmçinin imtahan modelindəki dəyişiklik ümumi nəticələrə öz təsirini göstərib”.

Mina Mikayılova


SON XƏBƏRLƏR