“Bu gün ölkəmizdə diplomlulardan ibarət böyük bir işsizlər ordusu var. Ölkə vətəndaşlarının çox böyük hissəsi ali təhsilli olsalar da onların əksəriyyəti digər sahələrdə, yəni oxuduqları ixtisasa uyğun olmayan müxtəlif fərqli sahələrdə çalışırlar. Kiçik bir araşdırma aparsaq, o zaman aydın olar ki, hər il məzun olan tələbələrin sayı o ixtisaslar üzrə hər il açılan yeni iş yerləri ilə üst-üstə düşmür”.
Bakıvaxtı.az xəbər verir ki, bunu daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib.
Ekspert bildirib ki, əlavə olaraq il ərzində məzun olanlarla eyni ixtisaslar üzrə təqaüdə çıxan şəxslərin arasındakı fərq isə tam başqadır: “Xüsusən də bölgələrdən paytaxta ali təhsil almaq ücün gələn tələbələrin aylıq xərclərinə nəzər salsaq, (kirayə pulu, qida, yol xərci, illik təhsil haqqı və sair) bu onu deməyə əsas verir ki o tələbələrin valideyinləri 4 il ciddi maddi sıxıntılar içərisində yaşamalı olurlar. Oğlan tələbələrin tələbəlik həyatına nəzər salsaq, böyük əksəriyyəti məcburən dərsdən sonra restoranlarda ofisant və digər sahələrdə çalışmaq məcburiyyətində qalırlar. Bu kimi hallar isə onların təhsilinin zəifləməsinə gətirib çıxarır. Avropa və digər inkişaf etmiş ölkələrdə hər il yüz minlərlə yeni işçi qüvvəsi tələb olunur. Tələblərdə peşə və kənd təsərrüfatı üzrə diplomlu mütəxəssislərə daha çox üstünlük verilir”.
Ekspert qeyd edib ki, ölkəmizdə də istənilən peşə sənətinə yiyələnmiş peşəkarlara daima ehtiyac duyulur:
“İstər bərbər, istər avtomobil ustası, istərsədə digər peşə sahələrində çalışan ustaların qazancları hər zaman digər sahələrdə çalışanlardan daha çox və daimi olub. Sənətin dili yoxdur. İstənilən sənətkar dünyanın hər bir ölkəsində öz sahəsi üzrə işləyib pul qazana bilər. Ölkəmizdə demək olar ki, hər il ali təhsil müəssisələrinə keçid balları aşağı salınır və ikinci şans kimi növbəti imtahanda da iştirak etmək icazəsi verilir. Bütün vətəndaşlarımızın ali təhsilli, savadlı olması çox yaxşıdır. Amma bu həm də aztəminatlı tələbə ailələrinin kütləvi surətdə daha da kasıblaşmasına gətirib çıxaran bir amildir”.
E.Fərzəliyev hesab edir ki, bu gün peşə məktəblərinə yönəlməklə yaxın gələcəkdə gənclər arasında işsizliyin sayını minimuma endirmək mümkün ola bilər:
“Tək paytaxtda deyil, bütün rayonlarda da sovet dövründən qalmış peşə məktəblərini istər təhsil, istərsə də yeni ixtisaslar üzrə profisonal formada yeniləməklə həm paytaxta gələn tələbə axının qarşısını almaq olar, həm də o gənclər elə öz yaşadıqları ərazidə iki il ərzində daha mükəmməl peşə sənətlərinə yiyələnərək qısa müddət ərzində öz ixtisasları üzrə işlə təmin oluna bilərlər. Aidiyyatı qurumlar bu sahəni inkişaf etdirərsə, diplomlu peşəkar sənətkarlar və ustalar yetişdirməklə, onlara nəyin ki ölkəmizdə, hətta dünyanın istənilən ölkəsində öz sahələri üzrə normal iş tapmaq şansı vermiş olarlar”.
Nuranə Daxilqızı
Bakı 



