• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Uşaqlara cinsi tərbiyə necə verilməlidir? - PSİXOLOQ

CƏMİYYƏT

19 Iyul 2021 | 16:51

Uşaqlara cinsi tərbiyə necə verilməlidir? - PSİXOLOQ

Təəssüflər olsun ki, son zamanlar ən çox qarşımıza çıxan xəbərlər zoraklıq, xüsusilə də uşaqlara qarşı cinsi zorakılıqla bağlıdır. Bəs bunun qarşısını almaq üçün nə etməliyik? Valideynlər uşaqlarına cinsi tərbiyə vermək üçün nələr etməlidir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən psixoloq Elmir Əkbər cinsi zorakılıq göstərən insanların heç vaxt dəyişmədiyini bildirib:

“Bu çox ağrılı və acınacaqlı mövzudur. Ümumiyyətlə, tarixən hər zaman belə insanlar olub, psixoloqlar onları manyak, ağır dərəcəli psixopat və s. bu kimi diaqnozlarla dəyələndiriblər. Onlar çox təhlükəli insanlardır. Məsələ ondan ibarətdir ki, onlar etdikləri hərəkətin cinayət tərkibini, ümumiyyətlə, həyati, mənəvi, psixoloji, hüquqi anlamını dərk eləmirlər. Onlar nə dərəcədə alçaq və pis bir iş gördüklərinin fərqində deyillər.Ona görə onlara 10, 20 il iş verilməsi mənə çox təəccüblü gəlir. Çox heyif ki, mən praktikada onlara çox az həbs cəzası verildiyini görürəm. Bu da çox acınacaqlı haldır. Oğrunu cəzalandırsanız, oğru bu işin ilk addımındadırsa, islah oluna bilər. Ancaq bu insanları cəzalandırmaqla düzələ bilməz. Onların düşüncə tərzinin mahiyyəti, təbiəti bundan ibarətdir, dəyişə bilməz, mümkün deyil. Ona görə də, onlar ömürlük cəmiyyətdən təcrid olunmalıdırlar. Allaha dua etməliyik ki, onlar heç vaxt həbsxanadan qaça bilməsin. Müasir psixoterapiya, psixologiya, psixiatriya dönə-dönə təstiq edib ki, nə olmağından asılı olmayaraq, onların dəyişməyi mümkün deyil. Ona görə də, cəmiyyətimizi, uşaqları bu insanlardan qorumalıyıq. Amma, təbii ki, valideynlər uşaqlarına daim təşviş, qorxu, paranoya içində saxlamalı deyillər. Çünki belə olsa, yeniyetməlik dövründən sonra onlarda təşviş pozuntusu, panikatak, paranoya kimi ciddi psixoloji pozuntular yaranacaq. Yəni uşaqlar qorxu altında da yaşamalı deyillər. Sadəcə düzgün cinsi tərbiyə verməlidirlər”.

Psixoloq cinsi tərbiyə haqqında da haqqında da danışıb:

“Cinsi tərbiyə davamlı, uzunmüddətli, böyük bir elmdir. Birmənalı bir şey deyil ki, nəyisə tövsiyyə edim. Bunun da böyük hissəsinin sırf valideyn tərəfindən aparılmağı mümkün deyil. Ələlxüsus da Azərbaycan mentalitetində valideynlə övlad arasında böyük pərdə var. Zatən dünyanın heç bir yerində bunu tam olaraq valideynlərin özü etmir, çünki bunu, məsələn məktəblərdə xüsusi mütəxəssislər eləməlidir. Cinsi tərbiyə körpə uşaqlara cinsi həyatı izah etmək demək deyil. Onun öz taktikası, texnikası, uşaqlarla danışmaq tərzi var. Onu xüsusi psixoterapevt və kliniki psixoloqlar aparır. Orda qorxulu, ya da biədəb bir şey olmur. Uşaqlara aydın olacaq dildə elmi məlumatlar verilir. Yəni bir qız və oğlan uşağına necə xanım, bəy, kübar insan kimi böyüyəcəyi izah olunur. Bunlar hamısı cinsi tərbiyənin tərkib hissələridir. Doğru cinsi tərbiyə alan uşaq böyüyəndə heç vaxt ailə zəminində, ətrafda zorakılıq və cinsi zorakılıq göstərməyəcək. Çünki bu, psioxoloji və mənəvi tədrisdir. Əfsuslar ki, hal-hazırda Azərbaycanda bu cür təlimlər aparılmır, təhsil sistemində yoxdur. Hətta bahalı, özəl məktəblərdə belə cinsi tərbiyə tədris edilmir. Ona görə də, valideynlər özləri uşaqlarını psixoterapevtə, klinik psixoloqa aparmalı olurlar.”

Həmçinin, o, valideynlərə uşaqlarına necə cinsi tərbiyə verəcəkləri ilə bağlı tövsiyyələr verib:

“Valideynlərə tövsiyyəm ancaq bu ola bilər ki, xoflu olmasınlar və cinsi tərbiyə anlayışını doğru anlasınlar. Mütəxəssislərə uşaqlarına bu təlimi keçmələri üçün şərait yaratsınlar. Bəziləri deyir ki, uşağın tərbiyəsi pozular. Xeyr, əksinə! Bu, elə uşağın ən gözəl tərbiyəsidir, qorxmasınlar. Eyni zamanda, valideynlər özləri də həm uşağı qorxu içində saxlamamaq, həm də uşaqlarının hansısa cinayətkarın qurbanı olmaması üçün xüsusi təlim keçməlidir. Yəni bu qızıl orta xətti doğru saxlamağı onlar özləri də təlim keçərək öyrənməlidir. Çünki uşağı sadacə həyata atmaq da olmaz. Həmin uşaq cinayətkarlar, narkomaniya, alkoqolizm, qumar və cinsi zorakılığın qurbanı ola bilər. Eyni zamanda, uşağı çox təsir altında saxladıqda da onda psixi xəstəliklər – paranoya, təşviş pozuntusu, panikatak, depressiya yarana bilər. Çox vaxt elə həyatda qurban olan insanlar valideynləri tərəfindən çox sıxılıb həyatı öyrənə bilməyənlər olur. Ona görə də, valideynlər qızıl orta xətti qorumağı bacarmalıdırlar”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026