Kliniki Tibbi Mərkəzin tabeliyində olan 2 saylı Klinik Uşaq Xəstəxanasına bu il virus xəstəlikləri ilə bağlı müraciət edənlərin sayı artıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə xəstəxananın pediatr-infeksionisti Rəna Hüseynova bildirib.
Onun sözlərinə görə, uşaqlar arasında mövsümi xəstəliklər hər il görülsə də, pandemiya başlayandan müraciətlərin sayı daha da artıb. R.Hüseynova hesab edir ki, bunun əsas səbəblərindən biri isə uşaqların bağçalara, məktəblərə getməsidir: "İndi sağlam uşaq da, xəstə uşaq da məktəbə, bağçaya gedir. Ona görə də xəstəlik çoxalır. Valideynlər xəstə uşaqları bağçaya, məktəbə göndərməməlidirlər”.
Pediatr deyib ki, hazırda xəstəxanalara ən çox uşaqlar inaq (yuxarı tənəffüs yollarının, xüsusilə qırtlaq (səs tellərinin) və nəfəs borusunun iltihabı) səbəbindən müraciət edir. Dediyinə görə, uşaqlarda əsasən yüksək hərarət, öskürək, bəzən isə qusma, ishal müşahidə edilir: "Çoxu bunu soyuqla əlaqələndirsə də, bu virusdur. Sadəcə bədəndə virus olduğu üçün soyuqdəymə ilə əlaqəli xəstəlik daha da ağırlaşır. Valideynlərin çoxu bu kimi hallarda uşaqları həkimə gətirmədən, evdə müalicə etməyə çalışırlar. Bununla isə uşağın vəziyyəti daha da ağırlaşa bilər. Xəstə uşağa mütləq həkim baxmalıdır. Həkim təyin etmədən uşaqlara antibiotik verilməsi yolverilməzdir”.
Rəna Hüseynova xəstələnən uşaqlara qulluq üçün tövsiyələrini də verib. Deyib ki, uşaqların qızdırması olarsa, ilk olaraq onlara “paracetamol” dərmanı vermək və çoxlu maye içirtmək lazımdır: "Ən əsası isə valideynlər vaxt itirmədən yaşadıqları ərazi üzrə poliklinikalara müraciət edib, həkimlərdən məsləhət almalıdırlar. Xəstə uşaqları daha çox geyindirmək də düzgün deyil. Bu tərləməyə və daha çox vəziyyətin ağırlaşmasına gətirib çıxara bilər. Valideynlərə məsləhətim odur ki, uşaqların əllərini tez-tez yumasına, sıxlıq olan ərazilərdə olmamalarına diqqət etsinlər. Gigiyenik qaydalara və sosial məsafəyə əməl etməklə, uşaqların sağlamlığının qayğısına qalmaq mümkündür".
















