Xəbər verdiyimiz kimi, alimlər Aralıq dənizi ölkələrində “Oropouche" virusunun (OROV) ağcaqanadlar vasitəsilə yayıla biləcəyi barədə xəbərdarlıq ediblər.
Bakıvaxtı.az xəbər verir ki, Latın Amerikasında on minlərlə insana təsir edən bu virus, artıq Türkiyədə yayılmış olan zolaqlı ağcaqanad (Aedes albopictus) növü ilə daşına bilir.
"Oropouche" virusu indiyədək yalnız Latın Amerikasında lokal epidemiyalara səbəb olub. Lakin bu il ilk dəfə ölüm halları və anadan körpəyə yoluxma hadisələri qeydə alınıb.
Bəs, maraqlıdır, virusun ölkəmizdə yayılma ehtimalı varmı?
Məsələ ilə bağlı Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib ki, “Oropouche” virusu müxtəlif xırda həşəratların dişləməsi nəticəsində əmələ gəlir.
Qeyd olunub ki, əsasən Cənubi Amerika, o cümlədən Boliviya, Braziliya, Kolumbiya, Peru və Kuba kimi ölkələrdə aşkarlanır.
"Bu virus Azərbaycan üçün nə xasdır, nə də endemikdir. Xəstəliyin törədicisi və səbəb olan xırda həşəratlar ölkə ərazisində mövcud deyillər”.
“Bu səbəbdən, “Oropouche” virusunun Azərbaycanda qeydiyyatı aparılmır və diaqnostikası yoxdur",- deyə nazirlikdən sorğumuza cavab olatraq bildirilib.
Mina Mikayılova