Üç ildən çoxdur həbsdə olan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (ləğv edilib-red.) rəhbəri Vüqar Səfərlinin əmlak davası başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi Səfərlinin 12 əmlakının bir neçəsinin müsadirə edilməsini qanunsuz hesab edib.
Anar İbrahimovun sədrlik etdiyi məhkəmə tərkibi əmlakların cinayət baş verən dövrdən əvvəl alınması ilə bağlı dövlət qurumlarından gələn sorğuya cavabları və məhkumun vəkili Hikmət Əliyevin təqdim etdiyi digər sübutları araşdırdıqdan sonra belə qənaətə gəliblər.
Qərara əsasən, Vüqar Səfərlinin milyonluq əmlakları müsadirədən azad edilib. Həmin əmlaklar onun özünə qaytarılacaq.
Əmlakların siyahısı belədir:
- Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsi;
- Binəqədi rayonu, Goradil kəndindəki 0,104 hektarlıq bağ sahəsi;
- Xətai rayonu, 8 Noyabr prospektində yerləşən 23 nömrəli evin birinci mərtəbəsindəki 39 kv/m-lik qeyri-yaşayış sahəsi;
- Xətai rayonunda yerləşən “Amay” ticarət mərkəzindəki mağaza.
Prokuror qərardan narazı qalıb.