Sentyabrin 2-də Xankəndidə seperatçı-terrorçu rejim qondarma “müstəqillik günü” keçirməyə hazırlaşır. 1991-ci ilin 2 sentyabr tarixində Qarabağdakı erməni seperatçılar qanunsuz “referendum” keçirərək, Azərbaycandan ayrılmaqla bağlı qərar qəbul ediblər.
Qeyd edək ki, bu, müharibədən sonra ermənilərin ilk “müstəqillik günü” qeydetmə planıdır.
Ermənilər Azərbaycana və dünyaya hansı mesajı verməyə çalışır?
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov Bakıvaxtı.az-a bildirib ki, 2 sentyabr tarixində Qarabağdakı seperatçıların tör-töküntüləri 30il bundan əvvəl qeyri-qanuni yaratdıqları bir qurumun ildönümünü keçirməyə hazırlaşırlar: “Bu hadisənin özü bir neçə ciddi nəticələr çıxarmağa əsas verir. Birinci nəticə odur ki, bu hadisə ilk dəfədir Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlar fonunda baş verir. Yeni reallıqların isə əlaməti odur ki, Ermənistan bu müharibədə biabırçı məğlubiyyətə düçar olub. Belə olan reallıqda 2 sentyabrda qeyri-qanuni aksiyanın həyata keçirilməsi revanşizmin birbaşa ifadəsidir və regionda vəziyyəti yenidən gərginləşdirməkdən başqa bir şey deyil. İkinci çıxarılan nəticə ondan ibarətdir ki, Paşinyan avqust ayının 24-də parlamentdəki çıxışı zamanı Azərbaycanla əməkdaşlıq etməyə hazır olduğundan bəhs edərək özünü, “göyərçin”, “sülh carçısı” kimi göstərmək istədi. Bundan əlavə o, kommunikasiyaların bərpasından danışdı və bunun region üçün əhəmiyyətindən bəhs etdi, amma paralel şəkildə onun tapşırığı ilə seperatçılar belə bir qeyri-qanuni, beynəlxalq hüquqa zidd addım atırlar və bu da, Paşinyanın söylədiyi fikirlərin nə dərəcədə riakar mahiyyət daşıdığını ortaya qoyur. Üçüncüsü isə, müharibədə məğlub tərəf olan Ermənistan silahlı qüvvələri və eyni zamanda onların müdafiə etdiyi Qarabağ seperatçılarının bu davranışı heç bir halda təsadüfi olmayıb”.
Deputat qeyd edib ki, bu, İrəvandan gələn təlimatlar əsasında reallaşır: “Paşinyan artıq yeni hökümət komandasını formalaşdırıb. Bu hökümət beş il müddətində özünün yeni proqramını qəbul edir. Bu da parlamentdə müzakirə predmetinə çevrilib. Həmin proqramda diqqətdən yayınmayan bir neçə detalı qeyd etmək istəyirəm. Birincisi, Paşinyan öz çıxışlarında “Dağlıq Qarabağ” və ya “Artsax” ifadəsi işlədir. Lakin Azərbaycan Prezidenti, cənab İlham Əliyev dəfələrlə öz mesajını həm Azərbaycan, həm dünya, həm də xüsusilə Ermənistan ictimaiyyətinə çatdırıb ki, “Dağlıq Qarabağ” adlı coğrafi ərazi yoxdur və Qarabağın iqtisadi zonası yaradılıb. İkincisi Paşinyan “Dağlıq Qarabağ xalqı” ifadəsini işlədir. Belə ifadələri eşidən erməni seperatçıları ruhlanır və bu cür aksiyalar keçirmək niyyətinə düşürlər. Yoxdur “Dağlıq Qarabağ” ifadəsi və “Dağlıq Qarabağ xalqı”! Qarabağ ərazisindəki xalqın nümayındələri erməni millətindən olan bizim vətəndaşlar və Azərbaycanın vətəndaşlarıdır. Yəni hər ikisi azərbaycan və erməni millətinin təmsilçiləridir. Bunlar hər ikisi bizim vətəndaşlarımızdır. Cənab Prezident vurğulayır ki, Xankəndindəki 25 min erməni yolları azdırılmış əslində Azərbaycan vətəndaşlarıdır. Onlar bizim vətəndaşlardır və Azərbaycan cəmiyyətinə inteqrasiya olmalıdırlar. Paşinyan çıxışlarında bildirir ki, növbəti 5 il müddətində Ermənistan Dağlıq Qarabağ və xalqı ilə mübarizənin yeni formasını ortaya qoymalıdır. Bu da seperatizmə dəstəyin və revanşizmin ifadəsidir”.
“Bunlar heç bir halda qəbulediləsi məsələlər deyil. Bütün bunlar regiona sülh və əmin-amanlıq gətirmir və əksinə vəziyyəti daha da gərginləşdirir. Heç bir halda Paşinyanın çıxışında böyük sülh müqaviləsi imzalamasından bəhs olunmur. Bütün bu reallıqlar fonunda qarşı tərəf cənab Prezidentin CNN Türk kanalına müsahibəsini yaddan çıxarmamalıdır. Prezident çıxışı zamanı bildirir ki, biz öz sülhpərvər təşəbbüslərimizi ortaya qoymuşuq, masa üzərindədir və bu, daimi masa üzərində qala bilməz: “Ermənistan bütün bunlardan nəticə çıxarmasa Azərbaycan tərəfi qabaqlayıcı tədbirlər görmək məcburiyyətində qalacaq”.
2 sentyabrda ermənilərin qondarma “müstəqillik günü” keçirmək niyyəti regionda sülhə çox ciddi təhdiddir. Onun qarşısının alınması üçün isə beynəlxalq ictimaiyyət əsaslı addım atmalıdır” – deyə, Elman Nəsirov vurğulayıb.
Nuranə Daxilqızı
















