• Bakı 26° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Xankəndinin idarəetmə forması necə olacaq? - AÇIQLAMA

GÜNDƏM

28 Sentyabr 2023 | 13:57 | Müəllif: Qalib İbrahimoğlu

Xankəndinin idarəetmə forması necə olacaq? - AÇIQLAMA

Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib. Bu barədə qondarma quruma rəhbərlik etmiş Samvel Şahramanyan qərar verib.

Qərara əsasən, qondarma rejimin bütün qurumları və təşkilatları 2024-cü il yanvarın 1-dən fəaliyyətini tam dayandırır. Bununla da "Dağlıq Qarabağ respublikası" öz mövcudluğuna son verir. Bildirilib ki, Qarabağın erməni əhalisi, o cümlədən kənarda yaşayanlar gələcəkdə bölgəyə qayıtmağın mümkünlüyü ilə bağlı müstəqil və fərdi qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış ola bilərlər.

Bununla yanaşı, qondarma rejimin keçmiş “xarici işlər naziri” David Babayan da Azərbaycana təslim olmaq qərarı verib. O, sosial şəbəkələrdə açıqlama verərək Azərbaycan tərəfinin tələbi ilə araşdırma üçün könüllü təslim olmaq qərarı verdiyini bildirib.

Politoloq Natiq Miri Bakıvaxtı.az-a açıqlamasında deyib ki, bununla ilk növbədə Azərbaycanda separatizm ləğv olundu.

Analitik diqqətə çatdırıb ki, bu, çox önəmli məsələdir, çünki problemlərin kökündə məhz separatizm dayanırdı: "Nəhayət, separatizmdən doğan qondarma qurumlar özünü buraxdıqlarını elan etdi. Digər yandan, bölgənin tamamilə Azərbaycanın hüquqi sahəsinə inteqrasiya edəcəyi anlamına gəlir. Azərbaycanın bütün ərazilərində eyni idarəetmə forması olmalıdır. Bugünədək qondarma "idarəetmə" Xankəndidəki separatçı rejimin əlində idi. Rusiya da əslində bu "idarəetməni" qəbul edirdi. Kreml rəhbəri bunu dəfələrlə dilinə gətirmiş və bildirmişdi ki, onlar Qarabağdakı mövcud "idarəetmə" ilə hesablaşırlar”.

Müsahibimiz hesab edir ki, Xankəndi ilə bağlı Azərbaycanın hüquqi idarəetmə forması ilkin mərhələdə müvəqqəti xarakter də daşıya bilər. Məsələn, Prezidentin xüsusi nümayəndəsi və onun Aparatı prosesi müvəqqəti tənzimləyə bilər. Bununla belə, onun sözlərinə görə, lakin tənzimlənməmiş məsələlər hələ qalmaqdadır.

N.Miri qeyd edib ki, Azərbaycana təhvil verilən öldürücü atıcı silahların sayı çox azdır: “Təsəvvür edin, ərazimizdə 10 min qanunsuz silahlıların olduğu deyilirdi, ancaq bizə verilən atıcı silahların sayı 1132-dir. Bu, 12-13 faiz silah-sursat deməkdir. Deməli, minlərlə atıcı silah hələ əllərdədir və potensial təhlükə deməkdir. Ona görə də ilk növbədə Azərbaycanın hüquq mühafizə orqanları, dövlət təhlükəsizlik xidməti bu yöndə ciddi fəaliyyət göstərməlidir”.

Natiq Miri: Reinteqrasiya prosesini daha rəvan aparmaq üçün qarşılıqlı etimad mühitinin yaradılmasına ehtiyac var

Politoloq bildirib ki, qondarma rejimin tərkibində olan "qurumların" özlərini yanvarın 1-dək buraxmasını gözləməyə ehtiyac yoxdur: “Erməni terrorçuları, qanunsuz dəstələr tamamilə tərksilah olunmalıdır. Nəzərə alaq ki, bu prosesin uzadılmasında maraqlı olan qüvvələr var. Eyni zamanda Qərbdə müəyyən güc mərkəzləri var".

Həmsöhbətimiz vurğulayıb ki, hazırda beynəlxalq missiyanın Azərbaycana göndərilməsindən dəm vururlar: "Məqsəd prosesə kənar müdaxilə və baş verənləri nəzarət altında saxlamaqdır. Buna qətiyyən imkan verilməməlidir. Ona görə də hesab edirəm ki, onlara yanvarın 1-ə kimi zaman tanınmamalıdır. Ermənilər arasında siyasi, sosial, mədəni, dini və digər sahələrdə çalışan mütəxəssislər reinteqrasiya prosesindən, vətəndaşlığı qəbul etdikdən sonra prosesə cəlb olunmalıdır. Bu sahələrdə erməni mütəxəssislərdən istifadə etməkdə fayda var və bu da reinteqrasiyanın tərkib hissəsi olaraq dəyərləndirilməlidir. Həm də erməni icmasında etimad mühitinin yaranmasına imkan verəcək. Hər şeyi rədd etmək, proseslərə dağıdıcı yanaşmaq doğru deyil. Bütün ittihamlardan qurtulmaq və reinteqrasiya prosesini daha rəvan aparmaq üçün mütləq mənada qarşılıqlı etimad mühitinin yaradılmasına ehtiyac var. Ancaq hər şeydən əvvəl düşünürəm ki, Xankəndi və ətraf bölgədə təhlükəsizliyi Azərbaycan polisi və digər müvafiq orqanlar təmin etməlidir. Qısa müddətə bunu rus hərbi kontingenti ilə birlikdə paralel patrul xidməti kimi də həyata keçirmək mümkündür. Bir daha deyirəm, yanvara qədər gözləməyə ehtiyac duymuram".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026