Məlum olduğu kimi, dünən Çində aprel ayından bəri ilk dəfə bir gündə 10 mindən çox koronavirusa yoluxma halı aşkarlanıb. Bu, ölkənin Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsinin noyabrın 11-də dərc etdiyi statistik göstəricilərində öz əksini tapıb.
Məlumata görə, son sutka ərzində rəsmi orqanlar yüksək hərarət, öskürək və COVID-19-un digər simptomlarına 1 209, o cümlədən 9 520 asimptomatik yoluxma faktını qeydə alıb. Ümumilikdə, 70,1 minə yaxın koronavirusa yoluxmuş insan hazırda Çindəki xəstəxanalardadır ki, onların 85 %-i asimptomatik daşıyıcıdır.
Qeyd edək ki, son günlərdə Avropa ölkələrində də koronavirusa yoluxanların sayında artım müşahidə olunur. Belə olan halda, Azərbaycanda vəziyyət necə olacaq?
İnfeksionist Mərdan Əliyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Çində sıfır dözümlülük siyasəti ilə güclü karantin qaydaları tədbiq edərək koronavirusun qarşısını alırlar: “Bu, öncədən də belə olmuşdu. Ona görə, Çində əhali arasında koronavirusa qarşı kollektiv immunitet formalaşmayıb”.
Onun sözlərinə görə, əgər karantin qaydaları tədbiq olunmasa, virusun sürətlə artma ehtimalı var. Bu təbii haldır: “Bu səbəbdən, Çinlə bizim aramızda çox böyük fərq var. Bizdə vaxtilə koronavirusun artması halı baş verdi və əhali arasında kollektiv immunitet formalaşdı. Bu, həm peyvəndər, həm də təbii şəkildə yoluxub sağalanlar vasitəsilə oldu. Buna görə, indi bizdə hər hansı bir təhlükə gözlənilmir”. M.Əliyevin dediyinə görə, nəzərə alsaq ki, artıq payız fəslinin sonu, qış fəslinin əvvəlləridir, koronavirusda hələ də artma müşahidə edilmir: “Açığı, koronavirusun yüngül formada getməsi də onu göstərir ki, bizim üçün hər hansı təhlükə gözlənilən deyil. Əhali arasında müəyyən yoluxmalar olsa da, tam yüngül formada gedir, heç həkimə də müraciət etmirlər. Kollektiv immunitet yenidən güclənir. Düşünürəm ki, bizdə artım müşahidə edilmir. Düzdür, Avropa ölkələrində müəyyən artım var, bizə də gələ bilər, amma ciddi rəqəmlər olmayacaq”.
Aytac Aslan
















