2025-ci il martın 12-də Azərbaycan SSR daxili işlər nazirinin müavini Yusif Kərimovun 100 illik yubileyi qeyd edilib.
Bakıvaxtı.az xəbər verir ki, əmək fəaliyyətinə 1948-ci ildə Mingəçevirdə şəhərin ilk inkişaf dövründə başlayan Y.Kərimov özünü ən yaxşı tərəfdən göstərmiş, gördüyü işlərə görə mükafat alıb.
Onun Mingəçevirdəki fəaliyyəti gələcək uğurlarının təməlini qoyub. Y.Kərimov Mingəçevirdən SSRİ Müdafiə Nazirliyinin Hərbi-Siyasi Akademiyasında ali təhsil almağa göndərilir, təhsilini başa vurduqdan sonra ordu sıralarında xidmət edir və Uralda raket diviziyasının siyasi şöbəsinin rəisi vəzifəsinə qədər yüksəlir.
Y.Kərimovun xidmət yoldaşı, Azərbaycan SSR daxili işlər nazirinin keçmiş müavini Namiq Talıbov “Report”la söhbətində Kərimovun fəaliyyətində ümummilli lider Heydər Əliyev mühüm rol oynadığını bildirib.
"Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi kimi respublikaya rəhbərlik etdiyi dövrdə Y.Kərimov Mərkəzi Komitədə işləməyə başlayıb. H.Əliyev onu oradan Daxili İşlər Nazirliyinin xətti ilə işləməyə göndərib, o, burada uzun müddət DİN-in Bakı üzrə İdarəsinin rəisi kimi çalışıb, 1978-ci ildən isə Azərbaycan SSR daxili işlər nazirinin müavini olub. Y.Kərimov ömrünün son günlərinə, yəni 1987-ci ilə qədər bu vəzifədə çalışıb. O, uzaqgörən insan idi, müdrik dövlət xadimi kimi formalaşmışdı. Xidmətdə heç bir səhvə yol verməyib. Biz onun rəhbərliyi altında işləmişik", - N.Talıbov bildirib.
Azərbaycan SSR DİN-in siyasi-tərbiyə işləri şöbəsinin keçmiş rəisi Georgi Zapletin isə Y.Kərimovun çox sərt, lakin "qeyri-adi dərəcədə ədalətli" rəhbər olduğunu söyləyib.
"Y.Kərimov daxili işlər nazirinin müavini kimi mənim şöbəmə kuratorluq edirdi. Onun nə gecəsi, nə də gündüzü var idi, bütün vaxtını işdə keçirirdi. Heyrətamiz insan idi. Nadir hallarda kiminsə haqqında belə xoş sözlər demək olar", - G.Zapletin “Report”la söhbətində bildirib.
Y.Kərimov daxili işlər orqanlarında nümunəvi və fədakar işinə görə çoxsaylı orden və medallarla, o cümlədən Qırmızı Ulduz ordeni ilə təltif edilib.
Y.Kərimov 1987-ci il martın 18-də vəfat edib.