Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə ABŞ lideri Donald Trampın görüş ehtimalı gündəmdədir.
Ekspertlərin fikrincə, bu görüşdə əsas müzakirə mövzusu yenə də ABŞ-nin Kiyevə hərbi və maliyyə dəstəyi olacaq. Lakin son dönəmlərdə ABŞ-Avropa münasibətlərində, həmçinin Vaşinqtonun Ukrayna siyasətində ciddi dəyişikliklərin baş verməsi fonunda bu görüşün hansı nəticə verəcəyi suallar doğurur.
Məsələni Bakıvaxtı.az-a şərh edən politoloq Züriyə Qarayevanın sözlərinə görə, bu görüşdə əsas mövzu, şübhəsiz ki, ABŞ-nin Ukraynaya dəstəyinin davam etdirilməsi olacaq. O bildirib ki, Zelenski Vaşinqtonu silah tədarükünü artırmağa və maliyyə dəstəyini bərpa etməyə inandırmağa çalışacaq. Lakin Tramp daha çox Avropanın məsuliyyət daşımalı olduğunu düşünür və Kiyevin yükünü Avropa İttifaqına ötürmək niyyətindədir:
“Ona görə də görüşün nəticələri Ukrayna üçün arzuolunan olmayacaq. Yəni real dəstəkdən çox, protokol xarakterli siyasi mesajların verilməsi ehtimalı güclüdür”.
Müsahibimiz hesab edir ki, ABŞ dəstəyinin azalması Ukraynanın hərbi imkanlarını zəiflədəcək və münaqişə zonasındakı mövqelərini risk altına salacaq. Silah tədarükündə yaranacaq boşluq Rusiya ilə döyüş meydanında balansı dəyişdirə bilər.
Onun fikrincə, bundan başqa, maliyyə yardımının azalması sosial-iqtisadi böhranı dərinləşdirəcək. Ukrayna ordusunun təminatı və infrastrukturun bərpası çətinləşəcək. Ən əsası isə, Qərbin birliyi zəifləsə, Kiyev diplomatik təcridə düşə bilər.
Züriyə Qarayeva: Qərbin birliyi zəifləsə, Kiyev diplomatik təcridə düşə bilər
“Trampın son Böyük Britaniya səfəri göstərdi ki, ABŞ ilə anqlosakson ittifaqı arasında ciddi fikir ayrılıqları var” deyən Z.Qarayeva bildirib ki, xüsusilə Ukrayna və Fələstin məsələlərində Vaşinqton və London arasında ortaq mövqe müşahidə olunmur. Britaniya, Kanada və Avstraliyanın Fələstini tanıması Tramp administrasiyasının siyasətinə açıq meydan oxumaq kimi görünür. Dediyinə görə, bu vəziyyət Zelenski üçün əlavə çətinliklər yaradır, çünki ABŞ və Britaniya dəstəyində sinxronluq pozulur. Belə halda Kiyevin hansı tərəfə daha çox arxalanacağı sual altındadır.
“Belə şəraitdə Ukrayna prezidentinin diplomatik xətti necə olmalıdır” sualına cavabında poltoloq deyib ki, Zelenski yalnız Vaşinqtona ümid bağlamaqla riskə gedir. ABŞ-dəli siyasi gedişatlar göstərir ki, Tramp administrasiyası Ukraynaya böyük maliyyə yükü daşımaq istəmir. Bu baxımdan Zelenskinin Avropa ölkələri, xüsusən də Böyük Britaniya ilə daha yaxın koordinasiya qurması vacibdir. Çünki Britaniya hələ də Kiyevin əsas siyasi dayaqlarından biridir. Züriyə Qarayeva hesab edir ki, ən optimal variant Zelenskinin balanslaşdırılmış siyasət yürüdərək həm Avropa, həm də ABŞ ilə dialoqu davam etdirməsidir.
Zülfü Məmmədov