Rusiyanın “Aeroflot” şirkəti iyulun 4-dən Moskvadan Tehrana uçuşları bərpa etməyi planlaşdırır.
Bakıvaxtı.az xəbər verir ki, aviaşirkətin yaydığı məlumata görə, ilk planlaşdırılmış uçuş iyulun 4-də həyata keçiriləcək.
Qeyd edək ki, bu qərar Rusiya Federal Hava Nəqliyyatı Agentliyi – "Rosaviasiya" tərəfindən İraq, İran və İordaniya hava məkanlarında uçuşlara tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılmasından sonra qəbul edilib. Həmçinin, "Rosaviasiya" bir neçə gün əvvəl Rusiya aviaşirkətlərinə günün müəyyən saatlarında İsrailə uçuşlara və Qətər hava məkanından istifadəyə də icazə verdiyini açıqlayıb.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Ardınca İran cavab zərbələri endirib. Münaqişənin davam etdiyi müddətdə, iyunun 22-nə keçən gecə ABŞ İranın üç nüvə obyektinə hava hücumu həyata keçirib. Ertəsi gün axşam saatlarında isə İran ABŞ-ın Yaxın Şərqdəki ən böyük hərbi bazası olan Qətərdəki Əl-Udeyd aviabazasına raket zərbəsi endirib. ABŞ rəsmilərinin məlumatına görə, hücum nəticəsində insan itkisi və ciddi dağıntılar qeydə alınmayıb.
ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə tərəflər arasında razılıq əldə olunub və iyunun 24-də atəşkəs qüvvəyə minib.