6.3.1. vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu;
Müasir dünyada hər bir cəmiyyətin dayanıqlı inkişafı, dövlətin güclü və möhkəm əsaslar üzərində qurulması ilk növbədə hüquqi dövlət prinsiplərinin və güclü vətəndaş cəmiyyətinin mövcudluğundan asılıdır. Hüquqi dövlət qanunun aliliyini təmin edən, insan hüquq və azadlıqlarını qoruyan, hakimiyyətin bölgüsü və ədalətli idarəçilik prinsipləri üzərində formalaşan siyasi modeldir.
Belə bir dövlətin əsas məqsədi vətəndaşın maraqlarını qorumaq, onun rifahını yüksəltmək və ictimai sabitliyi təmin etməkdir. Digər tərəfdən, güclü vətəndaş cəmiyyəti dövlətin fəaliyyətinə nəzarət edən, ictimai maraqları müdafiə edən, insanların könüllü birliklər və ictimai institutlar vasitəsilə öz fikirlərini ifadə etməsinə imkan yaradan mühüm ictimai qüvvədir. Bu iki anlayış bir-birindən ayrı təsəvvür oluna bilməz: hüquqi dövlət olmadan vətəndaş cəmiyyəti zəifləyir, güclü vətəndaş cəmiyyəti olmadan isə hüquqi dövlətin real mövcudluğu mümkünsüz olur. Ona görə də hüquqi dövlət və vətəndaş cəmiyyəti qarşılıqlı münasibətləri və gələcək perspektivləri ilə birlikdə müasir dövrün ən aktual mövzularından biri hesab edilir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hüquqşünas Ayxan Məmmədli bildirib ki, hüquqi dövlət və güclü vətəndaş cəmiyyəti müasir demokratik idarəçiliyin iki ayrılmaz dayağı hesab olunur. Onların hər biri təkbaşına mövcud ola bilər, lakin bir-birini tamamlamadan davamlı və dayanıqlı inkişafdan söhbət gedə bilməz:
"Hüquqi dövlətin mahiyyəti ondan ibarətdir ki, burada qanunun aliliyi təmin olunur, insan hüquq və azadlıqları qorunur, dövlət hakimiyyəti qanun çərçivəsində fəaliyyət göstərir. Belə bir dövlət modelində hakimiyyətin bölgüsü prinsipi tətbiq edilir, məhkəmələrin müstəqilliyi qorunur, dövlətin hər bir addımı ictimai nəzarət altında olur. Hüquqi dövlət sadəcə idarəetmə sistemi deyil, həm də siyasi mədəniyyət formasıdır. Burada vətəndaşla dövlət arasında münasibətlər qarşılıqlı hörmət və qanuni maraqlar üzərində qurulur".
Onun sözlərinə görə, vətəndaş cəmiyyəti isə dövlətin sərhədlərindən kənarda fəaliyyət göstərən ictimai institutların, birliklərin, qeyri-hökumət təşkilatlarının, müstəqil medianın, könüllü hərəkatların və müxtəlif ictimai təşəbbüslərin məcmusudur:
"Güclü vətəndaş cəmiyyəti dövlətin fəaliyyətinə ictimai nəzarət mexanizmi yaradır. O, dövlətin qəbul etdiyi qərarların ədalətli olmasına, sui-istifadə hallarının qarşısının alınmasına, insan hüquqlarının təmin edilməsinə yardım edir. Vətəndaş cəmiyyətinin əsas gücü onun fəallığındadır: hüquqlarını bilən, dövlətin fəaliyyətinə münasibət bildirən vətəndaşlar həm özlərinin, həm də bütövlükdə cəmiyyətin maraqlarını müdafiə edə bilirlər".
Həmsöhbətimiz diqqətə çatdırıb ki, hüquqi dövlət və vətəndaş cəmiyyəti arasında münasibətlər qarşılıqlı əməkdaşlıq və nəzarət üzərində qurulmalıdır:
"Dövlət cəmiyyətin sərbəst fəaliyyətinə hüquqi baza yaratmalı, təşəbbüslərin qarşısını almamalıdır. Öz növbəsində vətəndaş cəmiyyəti də dövlətin qanuni maraqlarına hörmətlə yanaşmalı, ictimai-siyasi sabitliyi pozmadan fəaliyyət göstərməlidir. Bu münasibətlərin düzgün tənzimlənməsi həm demokratik mühitin inkişafını, həm də dövlətin legitimliyini gücləndirir. Əks halda, dövlətin sərt nəzarəti vətəndaş cəmiyyətini zəiflədə bilər, yaxud vətəndaş cəmiyyətinin balanssız fəaliyyəti ictimai sabitliyə təhlükə yarada bilər. Ona görə də bu iki institut bir-birini tamamlayan və birgə inkişaf edən mexanizmlər kimi çıxış etməlidir".
Ayxan Məmmədli: "Azərbaycan hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində mühüm addımlar atılıb"
Hüquqşünas onu da əlavə edib ki, Azərbaycan reallığında hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində mühüm addımlar atılıb. Konstitusiyanın qəbul edilməsi ilə dövlətin hüquqi əsasları möhkəmləndirilib, insan hüquqları sahəsində qanunvericilik bazası formalaşdırılıb. Elektron hökumət sisteminin tətbiqi vətəndaşlara daha şəffaf xidmət göstərilməsinə imkan yaradıb. Qeyri-hökumət təşkilatlarının, gənclər birliklərinin və könüllülük hərəkatlarının fəaliyyəti cəmiyyətin ictimai fəallığını artırıb:
"Perspektiv baxımından hüquqi dövlət və vətəndaş cəmiyyətinin inkişafı bir-birinə sıx bağlıdır. Əgər qanunların aliliyi real həyatda tam təmin edilərsə, vətəndaşların hüquqi bilikləri artırılarsa və ictimai iştirakçılıq genişlənərsə, vətəndaş cəmiyyəti də güclənəcək. Eyni zamanda güclü vətəndaş cəmiyyəti dövlətin fəaliyyətinə obyektiv nəzarət edərək qanunun aliliyinin qorunmasına, şəffaflığın təmin olunmasına və korrupsiya hallarının qarşısının alınmasına yardımçı olacaq. Bu proses qarşılıqlı etimad üzərində qurulmalı, hər iki tərəf ümumi məqsəd – demokratik inkişaf və ictimai rifah naminə əməkdaşlıq etməlidir".
Sonda Ayxan Məmmədli vurğulayıb ki, hüquqi dövlət və güclü vətəndaş cəmiyyəti bir-birini şərtləndirən iki əsas dayağıdır:
"Güclü vətəndaş cəmiyyəti olmadan hüquqi dövlət tam formalaşa bilməz, hüquqi dövlət olmadan isə vətəndaş cəmiyyəti inkişaf imkanlarını itirər. Azərbaycan bu istiqamətdə mühüm addımlar atır. Qarşıda ölkəmiz üçün daha geniş imkanlar mövcuddur. Gələcəkdə hüquqi dövlət prinsiplərinin tam reallaşdırılması, ictimai iştirakçılığın artırılması və vətəndaşların hüquqi mədəniyyətinin yüksəldilməsi həm dövlətin legitimliyini, həm də cəmiyyətin sosial həmrəyliyini möhkəmləndirəcək. Bu da ölkənin demokratik inkişaf yolunda daha inamlı addımlarla irəliləməsinə zəmin yaradacaq".
Əli Hüseynov
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb.