• Bakı 35° C

    3.16 m/s

  • USD - 1.7

    EUR - 1.9683

    RUB - 2.1256

 Kampaniyalar çirkli, iradə təmizdir: Qaranlıq planların qarşısında dəmir iradə var
SİYASƏT
06 Avqust 2025 | 12:59

 Kampaniyalar çirkli, iradə təmizdir: Qaranlıq planların qarşısında dəmir iradə var

Zaman dəyişir, region dəyişir, amma bəzi köhnə niyyətlər heç vaxt dəyişmir. Azərbaycanın hər uğuru, hər zəfəri, hər diplomatik nailiyyəti onun düşmənlərini daha da narahat edir.

Qalib bir dövlətin gücü və nüfuzu artdıqca, ona qarşı yönələn çirkli kampaniyaların da miqyası böyüyür. Sanki kimlərsə qaranlıq mətbəxlərdə Azərbaycanı ləkələmək, onun imicinə zərbə vurmaq üçün yeni ssenarilər yazmaqla məşğuldur. Lakin unudurlar ki, bu torpağın əzmini sınamaq heç vaxt asan olmayıb. Bu gün biz sadəcə informasiya savaşı ilə deyil, milli iradəyə qarşı aparılan bir təxribat cəbhəsi ilə üz-üzəyik.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, biz bu prosesləri son vaxtlar tarixin utanc səhifəsinə yazılmış bəzi antimilli qüvvələrdən tez-tez alınan və dünyada Qalib Dövlətimiz kimi tanınan dövlətimizin imicinə gölgə salmağa yönəlik müsahibələrdən də görürük.

Deputatın sözlərinə görə, bu, artıq təsadüfi deyil, planlı şəkildə həyata keçirilən prosesdir:

“Bu bir gerçəklikdir və etiraf etməliyik ki, Azərbaycan gücləndikcə, ölkəmizi sevməyən qüvvələr öz düşmənçiliklərindən əl çəkmək əvəzinə, qılaflarını dəyişərək başqa formatda anti-Azərbaycan təbliğatı ilə çirkli əməllərini davam etdirirlər. Bu qüvvələr fəaliyyətlərini bir dəqiqə belə dayandırmayıblar. Sadəcə onlar fürsət gözləyirlər".

Məlahət İbrahimqızı Prezident İlham Əliyevin sonuncu inaqurasiya çıxışını xatırladaraq diqqətə çatdırıb:

“Möhtərəm prezidentimiz Milli Məclisdəki inaqurasiya zamanı bildirdi ki, biz 44 günlük Vətən müharibəsi və Xankəndi ətrafında uğurla həyata keçirilmiş antiterror əməliyyatı ilə elə bir tərpənməz daşları yerindən etmişik ki, Azərbaycanı sevməyən qüvvələr bunu bizə asanlıqla bağışlamayacaq. Bu fikirlər təkcə millət vəkillərinə deyil, bütün xalqa ünvanlanmış müdrik və uzaqgörən fikirlər idi. Biz bu gün bunların canlı şahidiyik".

Parlament üzvü qeyd edib ki, bu kampaniyaların arxasında konkret dairələr dayanır:

“Sözsüz ki, bütün bu qüvvələrin arxasında erməni lobbisi və onu idarə edən Fransa kimi dövlətlər durur. Hətta 44 günlük müharibədən sonra belə, bugünkü Paşinyan Ermənistanı ilə erməni diasporu və lobbisinin Azərbaycana qarşı mövqeyi tamamilə bir-birinə ziddir".

O əlavə edib ki, bu məqsədyönlü çirkli fəaliyyətlərdə ölkə daxilindəki antimilli ünsürlər də iştirak edir:

“Əvvəllər də olduğu kimi, bu qüvvələr anti-Azərbaycan əməllərini həyata keçirmək üçün daşeron təşkilatlardan, ölkəmizin daxilində və xaricindəki antimilli qüvvələrdən istifadə edirlər. Çağdaş tariximizə milli satqınlar kimi yazılmış bu qüvvələr üçün milli ləyaqət, qürur və şərəf anlayışları yoxdur".

Məlahət İbrahimqızı: Bu təxribatlar beynəlxalq hüququ pozmaqla yanaşı, regionda sabitliyi pozmaq məqsədi daşıyır

Müsahibimiz qeyd edib ki, xalqın birliyi və dövlətin gücü bu təxribatların qarşısında əsas sipərdir:

“Bu gün Azərbaycanın bütün ziyalıları, siyasi partiyaları və vətəndaş cəmiyyəti ölkəmizdə sabitlik və inkişaf naminə həmrəylik nümayiş etdirir. Bu şəraitdə utanmaq hissi keçirmədən bəzi destruktiv qüvvələrin maliyyəsi ilə dövlətimizə qarşı çirkli oyunların ‘peşka’sına çevrilmək isə milli məsuliyyətsizlikdir".

O bir daha vurğulayıb ki, bu təxribatlar beynəlxalq hüququ pozmaqla yanaşı, regionda sabitliyi pozmaq məqsədi daşıyır:

“Göründüyü kimi, təkcə Avropa və ABŞ-dakı deyil, hətta Rusiyadakı erməni lobbisi də tarixin arxivinə atılmış Dağlıq Qarabağ məsələsini yenidən gündəmə gətirmək üçün hər vasitəyə əl atır. Onların aparıcı media səhifələrində bunu açıq şəkildə görmək mümkündür".

Həmsöhbətimizin sözlərinə görə, daxildə bu kampaniyalara başçılıq edən əsas fiqur yenə də Əli Kərimlidir:

“Azərbaycana qarşı ifrat düşmənçilik siyasəti yürüdən bu qüvvələrin içimizdəki ‘lideri’ yenə də Əli Kərimlidir. Siyasi meydandan ümumxalq qəzəbi ilə birdəfəlik qovulmuş Əli Kərimli indi də ‘siyasi məhbus’ adı ilə qərəzli çağırışlar səsləndirərək, cəmiyyətin həssas qruplarının şüurunu zəhərləməyə, sabitliyi pozmağa və ölkədə hərc-mərclik yaratmağa çalışır".

Deputat bu fəaliyyətlərin yalnız dövlətə qarşı deyil, xalqın iradəsinə qarşı da yönəldiyini bildirib:

“Bu, təkcə ölkəmizin milli və strateji maraqlarına deyil, həm də ümumxalq iradəsinə qarşı yönəlmiş çirkin fəaliyyətdir. Hər kəs bilir ki, bu günkü Qalib Dövlət minlərlə şəhidimizin qanı və qəhrəman qazilərimizin sağlamlığı ilə qurulub".

Onun sözlərinə görə, ölkədə qanunun aliliyi tam şəkildə təmin olunur:

"Azərbaycanda qanunun aliliyi dövlətin müvafiq qurumları tərəfindən göz bəbəyi kimi qorunur. Hər kəs törətdiyi əməllərə görə qanun qarşısında cavab verməlidir və heç kimin toxunulmaz hüququ yoxdur".

Sonda Məlahət İbrahimqızı bildirib ki, dövlətin apardığı hüquqi islahatlar yüksək səviyyədədir və xalq təxribatlara uymayacaq:

“Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və insan haqlarının müdafiəsi istiqamətində əsaslı islahatlar həyata keçirilir. Bu islahatlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Milli satqın partiyasının üzvləri isə bu uğurlara kölgə salmaqla, muzdlu nökəri olduqları ağaların sifarişlərini yerinə yetirirlər. Azərbaycan xalqı artıq belə təxribatçı çağırışlara aldanmır. Hesab edirəm ki, əmin-amanlığı pozmaq istəyən qüvvələrə qarşı dövlətimizin cavabdeh qurumları şərəflə və ləyaqətlə öz vəzifələrini yerinə yetirəcək".

Əli Hüseynov


SON XƏBƏRLƏR

06 Avqust 2025