• Bakı 23° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.9944

    RUB - 2.1616

Məkan: Rusiya. Hadisə: Ədalətsizlik...
SİYASƏT
30 Iyun 2025 | 16:14

Məkan: Rusiya. Hadisə: Ədalətsizlik...

Gəncəm. Hələ yolun əvvəlindəyəm - həm həyat yolunun, həm də sözün, həqiqətin yolunun. Amma bu qısa həyatımda bəlkə də çox tez anladım: bəzi yerlərdə susmaq, danışmaqdan daha təhlükəlidir.

Və elə indi - bu günlərdə baş verənlərin fonunda  susmaq mənə haradasa xəyanət kimi gəlir. Xəyanət - həm vicdana, həm də gerçəyə.

Rusiyada baş verən son hadisələr - konkret ünvanlara, konkret kimliklərə yönəlmiş zorakılıqlar, həbslər və təqiblər lokal insidentlər deyil. Bunlar artıq sistemli və soyuqqanlı ayrı-seçkiliyin bariz təzahürüdür. Proseslər təkcə hüquqi məsələ deyil. Bu, insanlıq məsələsidir.

Azərbaycanlılara, həmvətənlərimizə qarşı sərgilənən bu münasibət, görünür, sadəcə vətəndaşlıqla yox, doğulub gəldiyin torpaqla, dilinlə, soyadınla müəyyən olunur. Sanki kim olduğun deyil, “kim olmadığın” əsas meyardır. Baş verənlər nə sadə siyasi mübahisə, nə də diplomatik gərginlikdir. Bu, talelər üzərində oynanılan sərt və ədalətsiz bir oyundur. 

Biz, gənclər olaraq, bu gerçəyə göz yuma bilmərik. Sadəcə müşahidəçi qalmaq, günlərin keçməsini sakitcə izləmək bizim ruhumuza ziddir. Haqqı tapdalanan hər kəsin yanında olmalı, səsimizi elə qaldırmalıyıq ki, məsafələr anlamını itirsin. Yekaterinburqla Bakı arasında olan minlərlə kilometr bir anlıq silinsin — və biz hamımız bir səsdə birləşək: "Bu, qəbuledilməzdir."

Zorakılıq törədənlərin cəzasız qalması, bu siyasətin susqun baxışlarla müşayiət olunması, gələcək üçün təhlükəli presedentdir.

Biz tələb edirik: araşdırılsın, qiymət verilsin, ədalət bərpa olunsun. Çünki insan hüququ milliyyətə baxmaz. Hüquq, qan qarşısında bərabərlik iddiası ilə yaşamalıdır, qorxu ilə deyil.

Biz danışırıq. Biz, gələcəyin sahibləri, bu gün baş verənlərin unudulmaması üçün yazırıq, danışırıq, soruşuruq. Qorxmadan, tərəddüdsüz, amma vicdanla.

Çünki bu səssizlik bizim deyil. Bizim sözümüz var. Və o söz, artıq yoldadır.

Əli Hüseynov


SON XƏBƏRLƏR

30 Iyun 2025