• Bakı 19° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

NƏNƏLƏR və nənələr... - Qalib İbrahimoğlu yazır
YAZARLAR
19 Iyun 2022 | 18:52

NƏNƏLƏR və nənələr... - Qalib İbrahimoğlu yazır

Qalib İbrahimoğlu

“Övladda nəvə, dövlətdə dəvə” deyib dədələrimiz. Kişilər bu sözü həqiqətən nəvələrini övladları qədər, hətta desən, övladından da artıq istəyən baba-nənələr üçün söyləyiblər. “Övladda da, dövlətdə də nəvə” prinsipiylə davranan nənə-babalara deyilməyib bu söz...

Bəzən sosial şəbəkələr ailə dağıdır, bəzən kiminsə yuvasının dağılmasının qarşısını alır. Azmı olub əksər valideynlərin “Qız mənimdir əgər, oxutmuram, əl çəkin” deyərək, “qız yükü, duz yükü”ndən tez can qurtarmaq üçün 13-14 yaşlı qızlarını ərə verməyə cəhd etdikləri barədə sosial şəbəkələrdə məlumat paylaşılmağı. Ədalət naminə deyək ki, bununla bağlı paylaşılan hər bir statusa rəsmilər tərəfindən reaksiya verilib və uşaq vaxtı gəlinciklə oynamalı olan qızların gəlinlik geyinmələrinin qarşısı alınıb.

Buna bənzər, hətta bundan da ağır olan başqa bir məsələnin həlli, problem məhz sosial şəbəkələrdə ictimailəşəndən sonra çözüldü.

Belə ki, sosial şəbəkələrdə Bərdədə yaşayan qadının azyaşlı nəvəsinin klinikaların birində öldüyünü iddia etməsi barədə məlumat yayılandan sonra rəsmi qaydada araşdırmalara başlanılıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin araşdırmaları qadının dediklərinin nəinki həqiqətəuyğun olmadığını üzə çıxardı, üstəlik, bəzi qaranlıq məqamlara da aydınlıq gətirdi. Belə ki, 11 yaşlı uşağın sağ-salamat, ata-anasının yanında olduğu bəlli olub.

Yaxşı, bəs nənənin durub dururkən, dost doğmaca nəvəsinin vəfat etdiyini, dəfn olunduğunu söyləməsinə səbəb nəymiş? Üstəlik, nənə iki ayağını bir qaloşa dirəyib məsələnin araşdırılmasını israrla istəmirdi.

Burda da məqsəd varmış. Qadın azyaşlının əməliyyatı üçün yığdığı vəsaiti də bununla unutdurmaq istəyirmiş.

Qadının araşdırma istəməməsinə baxmayaraq, Dövlət Komitəsinin araşdırması nəticəsində məlum olub ki, özünü yazıq biri kimi təqdim edən qadın sadəcə dilənçiliyi, insanları aldadaraq “yetimdir” deyib pul dilənməyi özünə peşə seçibmiş.

... Rəhmətlik nənəm bizə sözün əsl mənasında ANA qayğısı göstərirdi. Anamı kiçik yaşlarımdan itirdiyimdən, elə bilirdim ki, anam odu. O vaxt da kasıbçılıq idi, hamının hər şeyi yox idi, problemlər, qayğılar bəlkə indikindən də çoxuydu. Amma ANA çağırdığımız nənəmizin biz uşaq ikən diləndirmək nədi, heç işlətmək belə ağlının ucundan keçməzdi. Ağlım kəsəndə “övladda nəvə” deyiminin məhz o cür nənələr, babalar üçün deyildiyini dərk etdim. Və öz nənəmin timsalında nəvəsi üçün gözünün nurunu verməyə hazır olan nənələrlə fəxr etdim.

Son (kaş ki, elə sonuncu da ola) hadisə isə nəvələrə “övladda da, dövlətdə də nəvə” (yəni işlədib, diləndirib pulunu əlindən alan) kimi baxan nənələrin olduğunu da göstərdi.

Olmaz olaydı elə nənələr...


SON XƏBƏRLƏR

25 Aprel 2024