İctimai nəqliyyatdan narazılıqlar həmişə olub. Var və gələcəkdə də olmayacağına kimsə təminat verə bilməz.
Yeni dərs ili başlayandan sonra isə şikayətlərin sayı həndəsi silsilə ilə artır. Bu sırada 205 nömrəli marşrut öndə qərarlaşıb.
205 “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzi ilə Bakı Metropoliteninin “Nəsimi” stansiyasını əlaqələndirir. Yəni, səhər saat 7-də 20-ci sahədən avtobusa minsən, ən yaxşı halda 9-un yarısında “Nəsimi”də olacaqsan. Mənzil başına çatanacan avtobusda yat, qalx, idman elə... Amma sərnişinləri tıxaclardan daha çox son günlər bu marşrut xəttində böyüktutumlu avtobusların kiçiktutumlularla əvəz edilməsidir. Ki, hər gün işə basabasda gedib, evə eyni vəziyyətdə dönmək insanları cana-boğaza yığıb.
Və hər gün də eyni yolu gedib-gələn sərnişinlər arasında az qala qardaş qırğını olur. Bir dəfə bu avtobusa minməklə sərnişinlərin hər gün üzləşdiyi problemi bilmək olar.
Elə isə, hər gün 205-dən istifadə edən bir sərnişin kimi, tək bir günlə hər gün yaşananları təsvir edim.
Jurnalistlər binasının qarşındakı dayanacaqda avtobusa minən kimi lojaya (avtobusun arxa hissəsinə getmək üçün pilləkənlər olduğundan lojalı avtobus deyirəm) gedirəm. 20-ci sahədən avtobusa minmək uğrunda mübarizə başlayır.
- Bir az tez min görək.
- Kimdə kart var? (Yəqin xala kiminsə kartında balans olub-olmadığını soruşur). Şofer, ikicə dəyqə gözlə, kartımı vurum, gəlim.
Arxadan başqa bir sərnişin dillənir:
- Keç, ay xala, mən vuraram. Kartı əvvəldən yoxlamaq lazımdı.
- Bir az mehribanlaşın. Xahiş edirəm, arxaya keçin.
90-ların naftalin iyi verən məzəsi işə düşür:
- O qədər mehribanlaşmışıq ki, axırda evləndik.
- Ay camaat, niyə şikayət eləmirsəniz? Belə olmaz, axı. Mən 3 dəfə zəng etmişəm, hər dəfə də deyirləır, səndən başqa şikayət edən yoxdu.
- Hansı nömrəyə zəng vurmusan? De, biz də yığaq.
-...
Növbəti dayanacaqda sərnişinlər daha çoxdu.
- Qapını açma.
- Mən hər dayanacaqda saxlamalıyam, qapıları açmalıyam.
- Hara mindirirsən? Avtobusun ikinci mərtəbəsi yoxdu ki, camaat ora minsin.
- Şofer, sən rəhbərliyinizə camaatın şikayətini çatdır.
- Ay camaat, bunlarlnkı insanları incitməkdi. İstəyirlər ki, kimsə özünü assln, körpüdən atsın.
Bu iddianı ilk dəfə bu gün eşitdim.
- İntiharın avtobusa nə dəxli?
-...
- Qardaş, qoy kartı vurub orta qapıdan minsinlər.
- Zalım balası, avtobus ikiqapılıdır, ortası-mortası yoxdu.
- Əəə, sənə demədik açma qapını. İndi gəlib özüm oturacam sənin yerində, səni də göndərəcəm bura.
Bunu da ilk dəfə eşidirdim.
- Əmi, bir balaca o tərəfə çəkil, “nauşnik” düşüb, onu götürüm.
- Qardaşoğlu, tək ayaq üstə zorla dayanmışam, hara tərpənim? Camaat düşəndə götürərsən.
- Şofer, sən bilirsən, niyə iş günlərində xəttə “iqruşka” avtobus buraxırlar, altı-bazar yekə avtobus?
-...
Mənzil başına çatan sərnişinlər avtobusu tərk edir:
- Minmək bir zülm, düşmək ayrı dərd.
- Ay xala, boş yer var da, niyə oturmursan?
- Düşəcəm.
- Biz avtobusda gecələməyəcək ki, hamı düşəcək.
“Düşəcəm” deyən xala isə sonuncu dayanacağadək ayaqüstə gedir. Ləngər vura-vura, hər əyləc basılanda, az qala gedib sürücüyə salam verib geri qayıda-qayıda...
...Bu, 205 nömrəli martşrutun bir reysində rastlaşdığımdır. İnanın ki, hər reys digərindən daha maraqlı olur...