Azərbaycanda turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib. Proqramın icrası dövlət büdcəsi, beynəlxalq təşkilatların, donor və fondların vəsaitləri, həmçinin qanunvericiliklə qadağan edilməyən digər maliyyə mənbələri hesabına həyata keçiriləcək. Bununla yanaşı, turizm sektoruna özəl investisiyaların cəlb edilməsi və turizm-rekreasiya zonalarında dövlət-özəl tərəfdaşlığı layihələrinin reallaşdırılması nəzərdə tutulur.
Proqram çərçivəsində hotellər, sanatoriyalar, qış idmanı infrastrukturu, konqres mərkəzləri, aviareyslər, turizm tədbirləri və regional infrastrukturun inkişafına büdcə dəstəyi, subsidiyalar və özəl investisiya mexanizmlərinin tətbiqi planlaşdırılır.
.jpg)
Eldəniz Əmirov, iqtisadçı
İqtisadçı Eldəniz ƏmirovBakıvaxtı.az-a açıqlamasında bildirib ki, yeni Dövlət Proqramı turizm sektorundakı əsas problemlərin müəyyənləşdirilməsi baxımından sistemli sənəd təsiri bağışlayır.
Onun sözlərinə görə, turizmin əlçatanlığı, bazarların məhdudluğu, mövsümilik, investisiya çatışmazlığı, xidmət keyfiyyəti, kadr problemi və rəqəmsallaşma əsas məsələlər kimi müəyyən edilib.
Ekspert strateji hədəflərin bir qisminin konkret rəqəmlərlə ifadə olunmasını da müsbət qiymətləndirib. O bildirib ki, 2030-cu ilədək turizm üçün xarakterik sahələrdə əlavə dəyərin real ifadədə təxminən 40 faiz artırılması nəzərdə tutulur.
E.Əmirovun fikrincə, viza rejiminin liberallaşdırılması, yeni uçuşların açılması, aviabilet qiymətlərinin rəqabətqabiliyyətliliyinin artırılması, aşağıbüdcəli aviaşirkətlərin cəlb edilməsi, investisiya və subsidiya mexanizmləri, eləcə də regionlarda yeni turizm mərkəzlərinin yaradılması proqramın diqqətçəkən istiqamətlərindəndir.
Bununla belə, iqtisadçı proqramda maliyyələşmə mənbələri göstərilsə də, əsas istiqamətlər üzrə konkret maliyyə yükünün müəyyənləşdirilmədiyini vurğulayıb.
“Proqramın sonrakı qiymətləndirilməsini daha dolğun etmək üçün belə bir maliyyə çərçivəsinin olması vacibdir. Nəticə yalnız “nə etdik və nə əldə etdik?” sualı ilə deyil, həm də “buna nə qədər resurs sərf etdik və həmin resurs müqabilində hansı nəticəni əldə etdik?” sualı ilə ölçülməlidir”, – deyə E.Əmirov bildirib.
.jpg)
Rəhman Quliyev, turizm eksperti
Turizm eksperti Rəhman Quliyev isə Bakıvaxtı.az-a bildirib ki, yeni proqram sektorda mövcud infrastruktur çatışmazlığının və regionlarda xidmət səviyyəsinin aşağı olmasının aradan qaldırılması üçün real imkanlar yaradır.Lakin ekspert hesab edir ki, bu proqramın uğurlu olması qarşıya qoyulan hədəflərin icrasına nəzarətin, konkret icra mexanizmlərinin nə dərəcədə səmərəli qurulmasından asılıdır:
“Məqsəd Azərbaycanın turizm potensialını həm də turistin ölkədə qalma müddətinin və xərclərinin artması ilə ölçmək olmalıdır. Yeni proqramın icrası nəticəsində ən mühüm dəyişikliklərdən biri regionların turizm imkanlarının dövriyyəyə daha fəal cəlb edilməsi ola bilər. Bunun üçün regionlarda yol, nəqliyyat, hotellər, ictimai iaşə və digər turizm infrastrukturlarının inkişafı ilə yanaşı, hər bir bölgənin özünəməxsus turizm məhsulu formalaşdırılmalıdır”.
R.Quliyev vurğulayıb ki, xüsusilə Qarabağ və Şərqi Zəngəzur, Naxçıvan, Qəbələ-Şəki, Quba-Xaçmaz və cənub bölgəsi kimi istiqamətlərdə turizm klasterlərinin yaradılması böyük nəticələr verə bilər.

Ceyhun Aşurov, turizm eksperti
Turizm eksperti Ceyhun Aşurovisə Bakıvaxtı.az-a açıqlamasında deyib ki, ölkələrin turistləri cəlb etməsi bir çox faktorlardan asılıdır.
Ekspertin sözlərinə görə, regiondakı geosiyasi, iqtisadi vəziyyət, ölkənin özünün əlçatanlığı və s. bütün bunlar prosesə təsir göstərir:
“Təəssüflər olsun ki, son dövrlərdə, xüsusən qonşu regionlarda baş verən gərginliklər Azərbaycana, yəni ölkəmizə turistlərin gəlməsinə də öz təsirini göstərir. Quru sərhədlərinin bağlı olmasına baxmayaraq, bizim hava məkanımız açıqdır. Bizdə 9 beynəlxalq hava limanı fəaliyyət göstərir”.
Aydın Baxış




