(Azərbaycan–Özbəkistan qardaşlığının yeni dövlətçilik fəlsəfəsinə bir baxış)
23 avqust 2026-cı ildə Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevlə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” imzaladılar.
Bəli, qardaş dövlətlər müqavilə imzaladı, ağsaçlı tarix də həmin müqavilənin altına öz görünməz imzasını atdı.
Adətən beynəlxalq münasibətlər dili ölçülü-biçili olur. Hüquq “əbədi” sözünü ehtiyatla işlədir. Diplomatiya gələcəyi daha çox “uzunmüddətli”, “strateji”, “qarşılıqlı faydalı” kimi anlayışlarla ifadə edir.
Budur, iki qardaş isə başqa söz seçib: ƏBƏDİ!
Bu sözün sənədin adında yalnız poetik vurğu olmadığını yaxşı bilirik.
O, Azərbaycan–Özbəkistan münasibətlərinin haradan gəldiyini və hara getmək istədiyini göstərən siyasi-fəlsəfi açıqlamadır. Bir bulaqdan su içmişik, bir Aya salavat çevirib, bir Günəşə baxırıq.
Əbədi dostluğun bir günün diplomatik ovqatı olmadığı bəsbəlli.
Əbədi dostluq – yaddaşın gələcəyə verdiyi sözdür. Əbədi dostluq – şanlı dünənin qürurlu bugündə təcəllisi, bugünün sabahın vicdanına üztutmasıdır.
Bəli, biz dostluğu başlamırıq – onu rəsmiləşdiririk. Bununla da dədə-babaların ruhunu şad edib, gələcək nəsillərə yol göstəririk!
Yəni Azərbaycanla Özbəkistanın yaxınlığı qədim yaxınlığın çağdaş dövlətçilik dilinə çevrilməsidir.
Bizi yalnız prezidentlərin görüşləri, hökumətlərarası komissiyalar, yatırım layihələri və ticarət dövriyyəsi birləşdirmir.
Bizdən öncə də yollarımız görüşüb.
Dillərimiz, dastanlarımız, şeir-sənətimiz bir can olub, ruh birliyi içində olub.
Gəncə ilə Gülistan, Naxçıvanla Nukus, Termizlə Tovuz, Buxara ilə Bərdə, Şəhrisəbz ilə Şuşa eyni böyük mədəniyyət iqlimində nəfəs alıb.
Deməli, 23 avqustda iki dövlət əbədi dostluğu möhkəm əsas üzərində dövlət möhürü ilə təsdiqlədi.
Bunun fəlsəfi fərqi böyükdür.
Yeni münasibət qurmaq ayrı şeydir.
Tarixi münasibəti gələcək nəsillər qarşısında dövlət öhdəliyinə çevirmək tamam ayrı…
Qardaşlığın dövlət ağlı deyərlər buna!
Qardaşlıq duyğudur. Dövlətlər yalnız duyğu ilə idarə olunmur; dövlət dostluğun təhlükəsizlik mexanizmini, iqtisadi dayağını, hüquq çərçivəsini, institusional davamlılığını yaratmalıdır. Necəki yaradır!
Yeni müqavilənin dəyəri də bundadır.
Tərəflərin bir-birinin suverenliyinə, təhlükəsizliyinə, ərazi bütövlüyünə zərər vuran blok və ittifaqlarda iştirak etməməsi, öz ərazilərinin üçüncü dövlətlər tərəfindən digər tərəfə qarşı istifadəsinə yol verməməsi ilə bağlı öhdəliyi “dostluq” anlayışını siyasi romantikadan çıxarıb (dərin!) strateji güvən doktrinasına çevirir.
Burada artıq “səni sevirəm” deyilmir.
“Sənin təhlükəsizliyin mənim təhlükəsizliyimdir.” – Burada həm də bax, belə deyilir!
Beynəlxalq münasibətlərdə məhz bu nöqtədən sonra dostluq strateji anlam qazanır. – Dərinmi? - Dərin; Üfüqügenişmi? - Üfüqötəli!..
Bakı ilə Daşkənd arasındakı bağların dili yalnız çıxarların dili deyil. – Müttəfiqlikdən əbədi dostluğa bax, bu parlaq keçidi göstərir.
Çıxarlar dəyişə bilər;
geosiyasi ortam, iqtisadi prioritetlər dəyişə bilər; amma tərəflər münasibətlərin əsasını dəyişməyən kateqoriyaya – sarsılmaz güvənə bağlayırsa, ortaya artıq başqa siyasi keyfiyyət çıxır.
Biz “Əbədi” sözünün türkoloji anlamını unutmamışıq. Orxon-Yenisey vadisinə bizdən (coğrafi olaraq) bir köynək yaxın olan özbək qardaşlarımız bunu yaxşı bilir.
Biz türklərin dövlətçilik yaddaşında “bəngü” anlayışının özəl yeri var.
Orxon abidələri boşuna Bəngü daşlar adlandırılmır.
Daş üzərinə yazılan sözün məqsədi həmin andan ötə… gələcək zamanı danışdırmaq idi.
“Türk bəyləri, türk ulusu, eşidin!” çağırışı yüzilləri aşıb bu günə gəlib çatdısa, deməli, türk siyasi təfəkküründə dövlət sözü həmişə zamandan böyük düşünüb.
Bu baxımdan “əbədi dostluq” ifadəsinin özündə belə qədim bir mədəni kod görmək mümkündür.
Sanki XXI yüzilin iki türk dövləti çağdaş beynəlxalq hüququn dili ilə öz bəngü daşını yazır.
O daş bu dəfə Orxon vadisində deyil…
Bu dəfə kağız üzərində yazsaq da, anıları yazmırıq, daşdan keçən imzalarla, dövlət möhürləri ilə yazırıq.
Daşdan, kağızdan və əlbəttə ağıldan keçənlər argıq parlament ratifikasiyasındadır… Enerji xətlərində, dəmir yollarındadır…
Bəngülüyün energetikası universitetlərarası işbirliyindədir.
Füzulidəki Uluqbəy məktəbində, Bakıda ucalacaq Özbəkistan parkında, Şuşa ilə Xivənin qardaşlığındadır bəngülük, qutsallıq...
Başqa sözlə, qədim “bəngü” düşüncəsi çağdaş dönəmdə yeni dövlətçilik məzmunu qazanır.
Daha nələri vurğulaya bilərik? Dostluğun iqtisadiyyatından, gələcəyin texnologiyasından söz aça bilərik.
Müqavilənin özəlliyi yalnız siyasi təhlükəsizlik müddəalarında saxlanmır.
“Əbədi dostluğ”un keçmişə baxan anlayış olmadığını bilməyən varmı? – Energetika, yükdaşıma-logistik, rəqəmsal inkişaf, kənd təsərrüfatı, yaşıl və rəqəmsal iqtisadiyyat, elektron ticarət, informasiya-kommunikasiya və kosmik texnologiyaların işbirliyi yönləri sırasında yer alması dediklərimizi aydın göstərir.
Bəli, bəli,
bu, gələcəyin müqaviləsidir!
Çün XXI yüzildə qardaşlığın yeni dili təkcə şeir, dastan, saz və söz olmayacaq.
Server də onun dilidir, peyk də…
süni intellekt də… yaşıl enerji də.
Rəqəmsal dəhliz, kosmik texnologiya da həmçinin.
Türk dünyasının ortaq gələcəyi yalnız keçmişi anmaqla qurulmayacaq; böyük gələcəyimiz gələcəyin texnologiyalarını birlikdə yaratmaqla qurulacaq.
Müqavilədə qarşılıqlı bağlantılı yükdaşıma sisteminin möhkəmləndirilməsi, tranzit potensialının artırılması ilə bağlı müddəalar ilk baxışda sırf iqtisadi görünür.
Ancaq yükdaşıma dəhlizlərinin inkişafı yalnız malların daşınması ilə bitmir. O, yaddaşın hərəkətidir, dövlətlərin yaxınlaşmasıdır; geosiyasi parçalanmanın geoiqtisadi bütövlüyə çevrilməsidir.
Gələk dil mövzusuna… Deyirəm, dil haqqında bənd – müqavilənin ruhani maddəsidir!
Yeni sənəddə mənim üçün ayrıca diqqətçəkən müddəalardan biri Azərbaycan və özbək dillərinin qarşılıqlı tədrisinə münbit ortam yaradılmasıdır. Necə deyərlər, bəzən böyük siyasətin ən böyük cümləsi ən sakit bənddə gizlənmiş ola bilir.
Bax, bax, bu, həmin bəndlərdəndir.
Çün dil yalnız ünsiyyət vasitəsi sayılmır.
Dil yaddaşdır, düşüncə tərzidir.
Dünyanı necə gördüyümüzdür dil.
Dil bir ulusun minillik nəfəsinin bugünkü insanda davam etməsidir.
Azərbaycanlı gəncin özbəkcəni, özbək gəncin azərbaycancanı öyrənməsi sadəcə başqa bir dil öyrənmək olsaydı daha nə olmuşdu...
Bir-birimizin televiziya proqramını, kitabını, elmi məqaləsini vasitəçi dil olmadan anlamaq necə də xoşdur!..
Bir-birimizi başqalarının dilinə ehtiyac duymadan, özlüyündə anladığımız günə eşq olsun! - Türk dünyasının gələcək inteqrasiyasının bəlkə də ən böyük devrimi elə burada baş verəcəkdir.
Şəhərlər qardaşlaşmış dövlətlərin əbədi dostluğa imza atması necə, necə xoşdur! Qürurluyuq! Qalib Azərbaycan öz qardaşları, dostları, qonşuları, tərəfdaşları ilə yeni fəslə keçir!
Budur, Əbədi dostluq müqaviləsində bölgələrarası işbirliyinin və şəhərlər arasında tərəfdaşlıq bağlarının təşviqi də yer alır. - Gəlin, biz ona göyüzü alır deyək!
“Əbədi dostluğ”umuz dövlət başçılarının imzaladığı sənəddən qanadlanıb milyonlarla insanın yaşadığı gerçəkliyə çevriləcəkdir.
Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb tikməsi məncə indiki müqavilənin mənəvi preambulası idi.
Çün məktəb tikmək gələcəyə ünvanlanmış fəaliyyətdir.
Dağıdılmış şəhərdə məktəb tikmək isə ikiqat anlamlıdır.
Əbədi dostluq haqqında müqavilənin elm, təhsil, mədəniyyət, gənclər və ortaq irslə bağlı müddəaları ən gözəl düşüncələrimizin dövlət sənədində parlaq davamıdır.
Azərbaycan–Özbəkistan münasibətlərinin son illərdə keçdiyi yolun özü ayrıca siyasi fenomen kimi öyrənilməyə layiqdir.
Dostluq, strateji tərəfdaşlıq, müttəfiqlik, indi isə əbədi dostluq!
Bəli, münasibətlərimiz strateji tərəfdaşlıqdan müttəfiqliyə yüksəlib və yeni müqavilə ilə əbədi dostluq xarakteri qazanır; bu, Azərbaycanın diplomatik təcrübəsində ilkdir amma yəqin son olmayacaq.
Biz bunu, sadəcə diplomatik terminlərin bir-birini əvəz etməsi sayıb durmuruq.
Bu, qarşılıqlı güvənin dərəcəsinin yüksəlməsidir.
Burada yeni Türk dünyası üçün örnək bir düstur doğmuş ola bilər. Yəni:
ortaq kök, qarşılıqlı sayğı, dövlət iradəsi, təhlükəsizlik həmrəyliyi, iqtisadi inteqrasiya və mədəni yaxınlığın toplamı əbədi dostluğa bərabərdir.
“Əbədi” demək gələcək nəsillər qarşısında məsuliyyətdir. Şərəf-şanla məsuliyyət birgə doğulub bəlkə də.
Əbədi sözünü söyləmək asan ola bilər, onu dövlət sənədinə yazmaq isə məsuliyyətdir, məsuliyyətdir.
Söhbət yalnız bugünkü liderlərin münasibətindən getmir.
Əbədi dostluq anlayışı gələcək hökumətlərə, gələcək parlamentlərə, gələcək diplomatlara və gələcək nəsillərə ötürülən siyasi-mənəvi əmanətdir.
Bugünün dostluğu sabahın borcuna çevrilir. – Bax, müqavilənin ən dərin anlamı da bəlkə elə budur.
Yəni biz gələcək nəsillərə sadəcə yol, körpü, liman, məktəb, park və iqtisadi layihələr miras qoymuruq.
Bir münasibət mədəniyyəti qoyuruq, güvən gələnəyi qoyuruq.
Bir-birinə arxa çevirməmək əxlaqı qoyuruq gələcəyin vicdanına.
Türk dövlətçiliyinin ən qədim anlayışlarından biri “el”dir.
El yalnız ərazi deyil, nizamdır, birlikdir, güvənin özəyidir.
İki el arasında əbədi dostluq isə iki dövlətin yanaşı dayanmasından daha böyük anlayışdır. İki tarixi yaddaşın gələcəkdə də bir-birinə yadlaşmamaq qərarıdır əbədi dostluq!
Bizim keçmişimiz ortaqdır.
Bugünümüz müttəfiqdir.
Gələcəyimiz dostluq üzərində qurulur.
Və bu dostluğun önünə bir söz yazılıb: ƏBƏDİ!
Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev, Azərbaycan və Özbəkistan tarixin onlara verdiyi qardaşlığı gələcək zamanın öhdəliyinə çevirməyə qərar verdi. – 23 avqust 2026-cı ilin ən böyük anlamı elə budur!
Can Azərbaycan!
Canacan Özbəkistan!
Dostluğumuz əbədidir!












