• Bakı 30° C

    6.26 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

ABŞ-İran müharibəsi yenidən başlayır? - AÇIQLANDI 

SİYASƏT

24 Avqust 2026 | 14:40

ABŞ-İran müharibəsi yenidən başlayır? - AÇIQLANDI

Son günlər ABŞ-nin İrana qarşı gücləndirdiyi iqtisadi təzyiqlər, maliyyə sanksiyaları və təhdidlər iki ölkə arasındakı münasibətləri daha da gərginləşdirib. Bu kontekstdə İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif bildirib ki, iqtisadi təzyiq İran xalqının iradəsini dəyişdirə bilməz və əks nəticəyə gətirib çıxaracaq. ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını "ABŞ ərazisi" hesab etdiyini açıqlaması isə gərginliyə daha da təkan verib.

Maraqlıdır, ABŞ-nin İrana qarşı təhdidləri və genişmiqyaslı iqtisadi sanksiyaları yeni müharibə yarada bilərmi? ABŞ-İran gərginliyi geosiyasi aləmdə nələri dəyişə bilər?

Mövzu ilə bağlı politoloq Çingiz Şahbazi Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, ABŞ-İran qarşıdurması artıq yalnız nüvə proqramı ətrafında diplomatik mübahisə kontekstində cərəyan etmir.

Onun sözlərinə görə, iqtisadi müharibə, enerji təhlükəsizliyi, Hörmüz boğazının statusu və regional güc balansı kimi məsələlər artıq bir-birinə bağlanaraq münaqişənin daha da dərinləşməsinə səbəb olub. Bu baxımdan ABŞ-İran müharibəsinin yeni raundunun başlaması hər an baş verə bilər:

"Burada əsas təhlükə ondan ibarətdir ki, tərəflərin hazırda atdıqları addımlar bir-birini eskalasiya etməyə məcbur edən zəncir yaradır. ABŞ yeni sanksiyaları İran tarixindəki ən sərt maliyyə təzyiqi kimi təqdim edir. Vaşinqton yalnız İranı deyil, onunla ticarət edən ölkələri də hədəfə almaqla Tehranı iqtisadi cəhətdən təcrid etməyə çalışır. Xüsusilə də İran neftini alan ölkələrə, Çin başda olmaqla təsirini gücləndirməyə hazırlaşan ABŞ-yə qarşı Tehran isə artıq yalnız bəyanatlarla kifayətlənmək fikrində deyil. İran rəsmiləri ABŞ-nin yeni təhdidlərinə qarşı cavabın dağıdıcı olacağını bildiriblər və buna səbəb olaraq Hörmüzdən keçən neft ixracını dayandırmağa, ABŞ-nin cəhdlərini açıq şəkildə gündəmə gətiriblər. Yəni, İran ABŞ-nin bu addımını milli təhlükəsizliyə qarşı hücum olaraq qiymətləndirəcək".

Politoloq qeyd edib ki, Hörmüz boğazı dünya neftinin beşdə birinin bu boğazdan keçməsini təmin edir. Bu baxımdan burada məsələyə ABŞ-İran məsələsi kimi baxmaq kifayət etmir. Hörmüz boğazı ABŞ-İran münaqişəsində sadəcə coğrafi obyekt deyil, danışıqların əsas rıçaqına çevrilib.

"İran boğazı nə qədər öz nəzarətində saxlayırsa, ABŞ-nin təzyiqini müəyyən qədər kompensasiya edə bilir. ABŞ isə boğazın açılmasını İranın iqtisadi və siyasi güzəştləri ilə əlaqələndirmək istəyir. Bu baxımdan İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arifin "iqtisadi təzyiq İran xalqının iradəsini dəyişdirməyəcək və əks nəticə verəcək" fikrini Tehran üçün vacib siyasi mesaj hesab etmək olar. Bəyanatın mahiyyəti əsasən ondan ibarətdir ki, İran rəsmiləri sanksiyaların kapitulyasiyaya gətirib çıxaracağı fikrini qəbul etmirlər. Bu, tamamilə yeni yanaşma da deyil. İran uzun illərdir ki, sanksiyaların rejim dəyişikliyinə səbəb olacaq iddialarının əksi olaraq, bunun milli müqaviməti gücləndirdiyini iddia edir. Lakin sanksiyalar İran hakimiyyətinə dərhal zərbə vurmasa da, iqtisadiyyatına real zərbə vurur. Bu baxımdan da Məhəmməd Rza Arifin bəyanatı həmçinin daxili auditoriyaya hesablanmış mesajdır və bu mesajı daxili siyasi səfərbərlik kimi də qiymətləndirmək olar", - deyə müsahibimiz əlavə edib.

Ç.Şahbazinin fikirncə, ABŞ sanksiyaları İran üçün rejimin və ya da dövlətin təhlükəsizliyi kimi qəbul ediləcək səviyyəyə çatarsa və İran Hörmüzü tam bağlayaraq dünya enerji bazarına ciddi zərbə vursa, hərbi eskalasiya ehtimalı kəskin yüksələcək: 

"Hazırda isə bunun əlamətləri görünür. İran Hörmüzdə gəmilərin keçidlə bağlı yeni qaydalar tətbiq edir və bu qaydaları pozan gəmiləri cərimə, saxlanılma və müsadirə olunacağı ilə hədələyir. Yəni, Hörmüz boğazı artıq gələcək müharibənin mümkün səbəbi deyil, müharibənin özünün əsas cəbhələrindən birinə çevrilib".

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Avqust 2026