"Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri ikitərəfli münasibətlərdə yeni dövrün başlanğıcını qoymaqla yanaşı, ölkələrarası əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə və möhkəmləndirilməsinə əhəmiyyətli dərəcədə təkan verdi".
Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib.
Onun sörlərinə görə, Özbəkistan ilə münasibətlərimiz hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik xarakteri daşıyır. Bu da, sadəcə, sənəd üzərində yox, konkret layihələrlə, qarşılıqlı investisiyalarla, siyasi dialoqla və nəqliyyat-logistika sahəsində həyata keçirilən praktiki əməkdaşlıqla irəli aparılır:
"Bu münasibətlər diplomatik dostluqdan daha irəlidədir və qarşılıqlı etimad, siyasi iradə, iqtisadi maraqlar və ortaq strateji baxışlar üzərində qurulur.
Hazırda həyata keçirilən genişmiqyaslı layihələr hər iki tərəfin uzunmüddətli əməkdaşlığa əsaslanan münasibətlərdə maraqlı olduğunu deməyə əsas verir. Azərbaycan və Özbəkistan arasında münasibətlər artıq ayrı-ayrı sahələr üzrə əməkdaşlıq çərçivəsindən çıxaraq çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilməkdədir. Burada siyasi münasibətlər iqtisadi əlaqələri, iqtisadi əlaqələr isə nəqliyyat, enerji və investisiya layihələrini tamamlayır".
Müsahibimiz qeyd edib ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıqlar, ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki vacib rolu, mütəmadi olaraq Azərbaycana səfər edən Qərb ölkələrinin və təşkilatlarının liderləri, ölkəmizin regional liderlik keyfiyyətləri, eləcə də nəqliyyat-tranzit imkanları və potensialı Mərkəzi Asiya dövlətlərinin də diqqət mərkəzindədir:
"Azərbaycanın coğrafi mövqeyi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz Xəzər dənizi ilə Qafqazı, Mərkəzi Asiyanı Türkiyə və Avropa ilə birləşdirən mühüm nəqliyyat qovşağıdır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, Azərbaycanın inkişaf etdirdiyi avtomobil və dəmir yolu infrastrukturu, eləcə də ölkənin Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərində iştirakı Azərbaycanın tranzit əhəmiyyətini daha da artırır. Təbii ki, bunu şərtləndirən amillər sırasında ortaq tarix, mədəniyyət və dil də əhəmiyyətli yer tutur. Azərbaycan və Özbəkistan xalqları arasında tarixi-mədəni bağlar siyasi münasibətlərin daha möhkəm təməl üzərində qurulmasına imkan verir. Bu münasibətlər yalnız dövlətlərarası əlaqələr deyil, eyni zamanda, xalqlar arasında mövcud olan tarixi yaxınlığın müasir dövrdə siyasi və iqtisadi əməkdaşlığa çevrilməsi baxımından da əhəmiyyətlidir. Ölkəmizin Cənubi Qafqazdakı potensialı və artan beynəlxalq nüfuzu, Özbəkistanın isə Mərkəzi Asiyadakı əhəmiyyətli mövqeyi və inkişaf sahəsində qazandığı nəticələr iki qardaş ölkənin koordinasiyalı fəaliyyətini zəruri edir. Çünki əməkdaşlıq, sadəcə, qarşılıqlı maraqdan irəli gəlmir. Həm də inamdan, etibardan, güvənən və dərin bağlara əsaslanan əlaqələrdən gedir:
Siyasi şərhçi hesab edir ki, bu baxımdan Azərbaycan–Özbəkistan münasibətlərinin mühüm xüsusiyyətlərindən biri də tərəflərin bir-birinin regional rolunu tamamlamasıdır. Azərbaycan Cənubi Qafqazın mühüm siyasi, enerji və nəqliyyat mərkəzlərindən biri kimi çıxış etdiyi halda, Özbəkistan Mərkəzi Asiyanın ən böyük və strateji baxımdan əhəmiyyətli dövlətlərindən biridir. Başqa sözlə, iki ölkənin əməkdaşlığı bir-birini tamamlayan coğrafi və iqtisadi imkanların birləşdirilməsinə əsaslanır.

Elmir Səftərov: Azərbaycan-Özbəkistan əməkdaşlığı tərəflər üçün gələcəkdə daha böyük imkanlar yaradacaq
Dediyinə görə, bu əməkdaşlığın bir tərəfini Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində intensiv təmaslar təşkil edir. Bu əlaqələr, sadəcə, Azərbaycanın Özbəkistanla münasibətləri ilə məhdudlaşmır, bütövlükdə Türk dünyası ölkələri arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin genişləndirilməsi prosesinin bir hissəsidir. Belə ki,
Azərbaycan–Türkiyə arasında Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi;
Azərbaycan–Qazaxıstan arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin gücləndirilməsi istiqamətində qəbul edilmiş sənədlər və
Dövlətlərarası Ali Şura;
Azərbaycan–Özbəkistan arasında Müttəfiqlik haqqında Müqavilə;
Azərbaycan–Qırğızıstan arasında Müttəfiqlik haqqında Bəyanat;
Azərbaycan–Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyanat;
Azərbaycan–Macarıstan arasında Strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Bəyanat bütün bu istiqamətdə formalaşan yeni münasibətlər sisteminin mühüm nümunələridir.
"Bu cür əməkdaşlıq dünyadakı geosiyasi və geoiqtisadi çağırışlar fonunda da xüsusi əhəmiyyət daşıyır. Çünki TDT çərçivəsində koordinasiyalı fəaliyyətin genişləndirilməsi bütün tərəflərə fayda gətirir, alternativ nəqliyyat və ticarət marşrutlarının inkişafına şərait yaradır, logistika zəncirlərinin dayanıqlığını artırır və mümkün risklərin minimallaşdırılmasına imkan verir.
Xüsusilə son illərdə qlobal nəqliyyat sistemində baş verən dəyişikliklər fonunda alternativ və təhlükəsiz marşrutların əhəmiyyəti daha da artıb. Ticarət yollarında təhlükəsizlik məsələlərinin aktuallaşdığı, ənənəvi marşrutlarda geosiyasi risklərin artdığı bir dövrdə Orta Dəhliz kimi alternativ nəqliyyat arteriyaları yalnız iqtisadi deyil, həm də strateji əhəmiyyət daşıyır".
Həmsöhbətimiz vurğulayıb ki, məhz bu baxımdan TDT çərçivəsində Azərbaycan–Özbəkistan münasibətləri olduqca dəyərlidir.
"Yəni Azərbaycan Özbəkistan üçün Qafqaz–Türkiyə–Avropa istiqamətində, Özbəkistan isə Azərbaycan üçün Mərkəzi Asiya–Çin istiqamətində strateji tranzit tərəfdaşdır.
Burada əsas məqam ondan ibarətdir ki, Azərbaycan və Özbəkistan yalnız bir-birinə yük daşıyan iki ölkə deyil. Onlar daha böyük regional nəqliyyat zəncirinin iki mühüm halqasıdır. Bir ölkənin coğrafi üstünlüyü digər ölkənin coğrafi mövqeyi ilə tamamlanır. Bu isə qarşılıqlı fayda yaradır və uzunmüddətli əməkdaşlıq üçün iqtisadi zəmin formalaşdırır.
Bir sözlə, nəqliyyat infrastrukturu siyasi və iqtisadi əməkdaşlığın fiziki təməlini formalaşdırır. Bu səbəbdən Azərbaycan–Özbəkistan münasibətlərində nəqliyyat məsələsinə yalnız tranzit gəlirləri prizmasından yanaşmaq düzgün olmazdı. Burada daha böyük geoiqtisadi məqsəd dayanır. Məqsəd Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Cənubi Qafqaz, Türkiyə və Avropa ilə daha sıx birləşdirmək, yeni ticarət marşrutları yaratmaq və region ölkələrinin dünya bazarlarına çıxış imkanlarını genişləndirməkdir".
E.Səftərov vurğulayıb ki, digər mühüm istiqamət enerji əməkdaşlığıdır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu, Özbəkistanın isə enerji sektorunda modernləşmə və yeni investisiya imkanlarına ehtiyacı iki ölkə arasında enerji sahəsində əməkdaşlıq üçün əlavə imkanlar yaradır. Bu əməkdaşlığın gələcəkdə elektrik enerjisi, bərpa olunan enerji, yaşıl enerji və enerji infrastrukturu istiqamətlərində genişlənməsi mümkündür:
"Bütün bunlar göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri yalnız ikitərəfli münasibətlər çərçivəsində qiymətləndirilməməlidir. Bu münasibətlər daha geniş Türk dünyasının siyasi və iqtisadi inteqrasiyası, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin gücləndirilməsi və Avrasiya nəqliyyat xəritəsində yeni imkanların formalaşması kontekstində nəzərdən keçirilməlidir.
Bu gün Azərbaycan təkcə Özbəkistan ilə deyil, bütün Türk dövlətləri ilə münasibətlərdə yeni mərhələyə qədəm qoyur. Əməkdaşlığın yeni istiqamətləri formalaşdırılır, siyasi dialoq dərinləşir, iqtisadi və nəqliyyat əlaqələri genişlənir. TDT bu prosesin institusional platformalarından birinə çevrilir.
Gələcək baxımından ən böyük imkanlardan biri də Türk dünyası daxilində nəqliyyat və logistika sistemlərinin daha sıx inteqrasiyasıdır. Əgər Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Türkiyə arasında nəqliyyat əlaqələri daha da koordinasiya edilərsə, Türk dövlətlərinin dünya ticarətindəki rolu əhəmiyyətli dərəcədə arta bilər.
Bu cür əməkdaşlıq tərəflər üçün gələcəkdə daha böyük imkanlar yaradacaq. Eyni zamanda, ortaq tarixə, mədəniyyətə və dilə sahib xalqların birliyi üçün də yeni imkanlar formalaşdıracaq", - deyə Elmir Səftərov əlavə edib.
Murad Məmmədli




