• Bakı 10° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.7868

    RUB - 1.619

Oxuyur nağaraçı qız
YAZARLAR
09 Yanvar 2024 | 15:51

Oxuyur nağaraçı qız

Qalib İbrahimoğlu

... İl – 1997

Məkan – Bakı şəhəri. “Hürriyyət” qəzetinin redaksiyası.

O vaxt baş redaktoru olduğum qəzetin redaksiyasına jurnalist Esmira Xəlilova balacaboy, oğlan paltarı geyinmiş, başına kepka qoymuş bir qızla gəldi.

-Aygün Bəylərdi. Gözəl səsi var. Müsahibimiz olacaq.

Kənarda oturub Aygünün hərəkətlərinə fikir verirdim. Əl-qol hərəkətləriylə danışır, arada səsinin tonunu qaldırır, bir qurtum çaydan içərək, sözünə davam edirdi.

Esmiranın sənətə gəlişiylə bağlı verdiyi sualı cavablandırmamışdan əvvəl hürkə-hürkə o yana-bu yana baxaraq, “əslində, mən nağaraçalan olmuşam” deyib nağara çalırmış kimi stola vurub ürəkdən güldü. Biz də ona qoşulduq.

Daha sonra maraqlı bir hadisə danışdı:

-Bir dəfə AzTV-nin musiqi baş redaksiyasının baş redaktoru Ramiz Mirişlinin yanına getdim ki, oxumaq istəyirəm. Dedi ki, sən kimsən, dedim nağaraçalan. Üzümə baxdı, baxdı və qayıtdı ki, “get dumbuluvu çal”...

Müsahibədən sonra onu da dedi ki, ayaq ölçüsü balaca olduğundan ayaqqabını “detmir”dən (Uşaq aləmi mağazasından) alır.

Yenə gülüş səsi otağı bürüdü...

... Səhnəmizin Aygünləri çoxdu: Bayramovası var, Kazımovası var, Məhərrəmovası var. Hərəsinin də özünəməxsus səsi, özünəxas səhnə performansı.

Səhnəmizin bir Aygünü də vardı: Bəylər. O biri Aygünlərdən tamam fərqlənərdi. Səsi ilə də, səhnə performansı ilə də, geyim-keçimi ilə də...

Azərbaycan səhnəsində Aygün Bəylərdən balaca boy müğənni xatırlamıram. Amma o balacaboy qızın dağ boyda sənəti vardı.

Mənə elə gəlir ki, Aygün Bəylər mikrofonsuz da oxusaydı, onun SƏSİ ən böyük zalda ən arxa sırada oturana belə çatardı...

Ölümündən 10 gün əvvəl son konsertini verdi. Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Yaxşı ki varsan” adlı solo konserti onun həm də tamaşaçılarıyla vidası oldu.

... Bu dəfə kədər bürüdü musiqini.

Oxuyur Əməkdar artist Aygün Bəylər:

“Qalanı xatirədir...”


SON XƏBƏRLƏR

04 Dekabr 2024