“Qəzzaya qarşı aparılan hərbi əməliyyatların nə zaman sona çatacağı ABŞ prezidenti Donald Trampın planının həyata keçirilib-keçirilməməsindən asılı olacaq”.
Bakıvaxtı.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
Netanyahu keçirdiyi mətbuat konfransında İsrail ordusunun Qəzzada həyata keçirdiyi və "Gideonun maşınları" adlandırılan genişmiqyaslı hücumların əsas məqsədinin bölgənin tam işğalı və HƏMAS-ın tamamilə məhv edilməsi olduğunu vurğulayıb.
İsrail lideri qeyd edib ki, Qəzzanın daimi olaraq nəzarətə götürülməsi üçün başladılan əməliyyatlar yalnız “İsrailin təhlükəsizliyini təmin edəcək aydın və konkret şərtlərlə” dayandırıla bilər. Həmin şərtlərə israilli girovların azad olunması, HƏMAS-ın silahlarını yerə qoyması, təşkilat rəhbərliyinin bölgədən çıxarılması və Trampın fələstinlilərin Qəzzadan sürgün edilməsini nəzərdə tutan planının reallaşdırılması daxildir.
Netanyahu Trampın planını “çox düzgün və inqilabi bir sənəd” kimi dəyərləndirib və ABŞ ilə münasibətlərin pozulduğu barədə iddiaları qəti şəkildə təkzib edib.
Hikmət Kərimov
BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi
Bakıvaxtı.az