"Mən bu yazını çox ağır ürəklə yazıram... Oğlum narkotikə qurşanıb. Gözümün qabağında tədricən dəyişir, əvvəlki halından əsər-əlamət qalmayıb. Danışıram, yalvarıram, amma heç nə dəyişmir. Bir ana üçün bu dərdin sözlə ifadəsi yoxdur. Xahiş edirəm, uşaqlarınıza sahib çıxın, mənim yaşadığımı heç bir ana yaşamasın".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri oğlu narkotikə qurşanmış bir ana sosial şəbəkədə paylaşıb.
Bəli, bu bir ananın səssiz fəryadıdır... Sözlər sadə olsa da, içində bir ömürlük ağrı gizlənib. Bu zəhər - narkotik - gənclərimizi bir-bir ələ keçirir, ailələri içindən çürüdür. Bu, artıq təkcə fərdi yox, cəmiyyətin faciəsidir. Qurtuluş var, amma susmaqla yox - danışmaqla, mübarizə aparmaqla, bir-birimizə sahib çıxmaqla. Gənclərimizi bu bataqlıqdan çəkib çıxarmaq üçün hamımızın üzərinə məsuliyyət düşür.
Bəs bir insanın narkotikə qurşandığını necə bilərik?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan sosioloq Məhbubə Mehdiyeva bildirib ki, cəmiyyətin qarşılaşdığı ən mühüm sosial problemlərdən biri də gənclər arasında narkotik vasitələrin yayılmasıdır. Bu, yalnız fərdin sağlamlığına deyil, ailə münasibətlərinə, təhsil prosesinə və ümumilikdə gələcəyə olan ümidlərə ciddi təsir göstərə bilər.
Onun sözlərinə görə, valideynlər, müəllimlər və yaxın ətraf bəzən gəncin davranışındakı dəyişiklikləri müşahidə edərək narahatlıq hiss edə bilirlər. Ancaq bu dəyişikliklərin səbəblərini düzgün anlamaq və səbirli yanaşmaq vacibdir:
"Gəncin gündəlik həyatında baş verən müəyyən dəyişikliklər diqqətdən yayınmamalıdır. Əvvəllər ailə ilə sıx münasibət quran bir yeniyetmənin birdən özünə qapanması, ünsiyyətə marağını itirməsi və ya ailə üzvləri ilə münasibətlərində soyuqluq yaranması bəzən daxili narahatlıqların əlaməti ola bilər. Dost çevrəsindəki ani dəyişikliklər, köhnə dostlarla münasibətlərin kəsilməsi və yeni, tanımadığı şəxslərlə daha çox vaxt keçirməsi də müəyyən suallar doğurur ".
Sosioloq qeyd edib ki, təhsil sahəsində müəyyən geriləmələr də diqqətə alınmalıdır:
"Dərslərə marağın azalması, davamiyyətin zəifləməsi və qiymətlərin düşməsi bəzən gəncin həyatında baş verən daxili gərginliyin göstəricisi sayılır. Eyni zamanda, maddi baxımdan izah olunmayan davranışlar - tez-tez pul xərcləmək, səbəbsiz yerə borc istəmək və ya evdəki bəzi əşyaların itməyə başlaması narahatlıq yarada bilər".
Müsahibimiz bildirib ki, narkotik vasitələrin istifadəsi zamanı gəncin emosional vəziyyətində də dəyişikliklər müşahidə oluna bilər. Sakit və pozitiv xarakterli bir yeniyetmənin əsəbi, aqressiv və ya həddindən artıq passiv davranması diqqət çəkə bilər. Bəzən isə qəfil sevinc, yüksək enerji və ya həddindən artıq özünəgüvən hissi müşahidə olunur ki, bu da stimullaşdırıcı maddələrin təsiri ilə bağlı ola bilər".
Məhbubə Mehdiyeva: Bir şəxsdə baş verən dəyişikliklərin səbəblərini düzgün anlamaq və səbirli yanaşmaq vacibdir
Fiziki baxımdan da bəzi əlamətlər müşahidə olunur. Belə ki, göz bəbəklərinin böyüməsi, gözlərin qızarması, dəridə solğunluq, titrəmə və ya koordinasiya pozuntuları kimi hallar fərqlənə bilər. Bəzi hallarda isə gənclər yuxusuzluq, iştahsızlıq və ya əksinə - həddindən artıq yemək istəyi, baş ağrısı, qarın ağrısı, başgicəllənmə kimi simptomlardan şikayətlənirlər.
“Bu əlamətlərin hər biri ayrı-ayrılıqda digər səbəblərlə də əlaqəli ola bilər. Ona görə də müşahidə olunan dəyişikliklərə qarşı anlayışla yanaşmaq, gənclə münasibətləri pozmadan diqqətlə müşahidə aparmaq və ehtiyac yaranarsa, mütəxəssislə məsləhətləşmək vacib sayılır",- deyə sonda Məhbubə Mehdiyeva vurğulayıb.
Nuriyyə Musayeva