“Seyhan və Ceyhan çaylarının içərisində formalaşmış bu qədim torpaq 1918-ci ildə, Azərbaycanda olduğu kimi, böyük çətinliklər yaşamışdı. O zaman ingilislərin silahlandırdığı erməni və rus silahlı dəstələri burada fəaliyyət göstərirdi. Onlara qarşı mübarizə aparan və Azərbaycanın yanında yer alan Qafqaz İslam Ordusunun qəhrəman şəhidlərini buradan ehtiramla yad etmək istəyirəm".
Bakıvaxtı.az xəbər verir ki, Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu İdarə Heyətinin sədri, professor Aygün Attar Adanada keçirilən tədbirdə çıxış edərək bildirib.
Attar bildirib ki, minillikləri əhatə edən qədim bir məkanda keçirilən tədbir tarixə yeni bir baxış bucağı ilə yanaşma imkanı yaradır.
O həmin dövrdə Adanada yaranmış müqavimət hərəkatının xüsusi rol oynadığını deyib:
“1918-ci ildə Adanada erməni və fransız işğalına qarşı dirəniş göstərən Kilikiya Cəmiyyəti quruldu və onlar ‘Bura Türkiyənin öz vətənidir’ deyərək üsyan bayrağını qaldırdılar. Onların hamısını hörmət və minnətlə yad etmək istəyirəm".
Professor bildirib ki, Adanaya çoxsaylı səfərləri olsa da, bu dəfəki səfəri fərqli ruh daşıyır:
“Bütün əvvəlki gəlişlərim ya 20 Yanvar, ya Xocalı soyqırımı, ya da ortaq və acılı tariximiz – ermənilərin türklərə və müsəlmanlara qarşı törətdikləri qırğınlarla bağlı tədbirlər üçün olmuşdu. Amma bu gün ilk dəfədir ki, buraya fərqli bir vizyonla gəlmişəm".
İdarə heyətinin sədri müdafiə hüquq cəmiyyətlərinin milli mübarizədəki tarixi rolunu da vurğulayıb:
“O dövrdə xalqın çiyin-çiyinə dayanmasında müdafiə hüquq cəmiyyətlərinin nə qədər böyük təsir göstərdiyini hər zaman xatırlayıram. Bu günə qədər gəlib çatan dirayət, Adananın möhkəm duruşu məhz həmin dövrdə formalaşmış ruhdur".
O, Fondun yaradılma tarixindən danışarkən ölkə liderlərinin uzaqgörənliyini xatırladıb:
“28 il əvvəl Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi və hocamız İhsan Doğramacının təşəbbüsü ilə Türkiyə–Azərbaycan Dostluq, İşbirliyi və Dayanışma Vəqfi yaradıldı. Bu gün bu vəqfin sədri kimi çalışmaq mənim üçün böyük məsuliyyətdir".
Attar Fondun gələcək fəaliyyətindən danışarkən onun mədəni, iqtisadi və mənəvi istiqamətlərdə daha da genişləndiriləcəyini bildirib:
“Vəqfin rəsmi qərarnaməsində yer alan məqsədlər çoxşaxəlidir. Düşünürəm ki, bu işləri daha da inkişaf etdirməliyik".
Professor Aygün Attar 44 günlük Vətən müharibəsinin iki ölkə münasibətlərini yeni mərhələyə daşıdığını da vurğulayıb:
“44 günlük Vətən müharibəsi dönəmində Azərbaycanla Türkiyə münasibətləri qardaşlıqdan müttəfiqliyə keçid etdi".
O, çıxışının sonunda Adana ictimaiyyətinə təşəkkür edib:
“30 il boyunca Azərbaycanın kədərli günündə ağlayan, sevinc günündə hamıdan daha ürəkdən sevinən Adanalıların təsiri var. Buna görə sizlərə təşəkkür edirəm".
Zeynəb Rzayeva
Bakı 



