21.11.2025-ci il tarixində saat 19:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, M.Seyidov küçəsi ərazisində yerləşən yaşayış binasında yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.
Bu barədə Bakıvaxtı.az-a Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib.
Çağırış ünvanına 18 təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 15 nəfərə ilkin tibbi xidmət göstərilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Bu ana qədər ümumilikdə 20 nəfər (5 nəfər özü müraciət etməklə) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.
3 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb
21:46
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın zamanı iki nəfər tüstüdən boğularaq ölüb.
Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, yanğın zamanı ölənlərdən biri yeniyetmədir. Hadisə zamanı daha 14 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb.
21:23
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın tam söndürülüb.
Bakıvaxtı.az xəbər verir ki, mənzillər yanğından mühafizə olunub.
21:03
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın məhdudlaşdırılıb.
Bakıvaxtı.az xəbər verir ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.
Əlavə məlumat veriləcək.
*** 20:41
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla mübarizə tədbirləri davam edir.
Bakıvaxtı.az xəbər verir ki, təhlükəsizlik tədbirləri çərçivəsində FHN qüvvələri tərəfindən bina sakinləri təxliyə edilir.
Yanğınla mübarizə tədbirlərində FHN Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri və Bakı Regional Mərkəzinin qüvvələri iştirak edir.
Əlavə məlumat veriləcək.
20:11
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
Əlavə məlumat veriləcək.
Bakı 

















