• Bakı 27° C

    4.05 m/s

  • USD - 1.7

    EUR - 1.9847

    RUB - 2.1795

Putin axşam hamını bombalayır - ABŞ-nin yeni ritorikası və Ukraynaya “Patriot” dəstəyi
DÜNYA
14 Iyul 2025 | 16:56

Putin axşam hamını bombalayır - ABŞ-nin yeni ritorikası və Ukraynaya “Patriot” dəstəyi

ABŞ Prezidenti Donald Trampın son açıqlamaları beynəlxalq arenada böyük rezonans doğurub. O, Ukraynaya “Patriot” zenit-raket sistemləri göndəriləcəyini, lakin bu silahların maliyyəsini Avropa ölkələrinin qarşılayacağını bildirdi.

Bakıvaxtı.az-ın məlumatına görə, ən çox diqqət çəkən isə onun “Putin gündüz yaxşı danışır, axşam hamını bombalayır” ifadəsi oldu. Trampın bu çıxışı, ABŞ-nin Rusiya və Ukrayna siyasətində hansı yeni istiqamətlərin yarandığını göstərirmi?

Trampın “Putin axşam hamını bombalayır” ifadəsini şərh edən politoloq Züriyə Qarayeva Bakıvaxtı.az-a bildirib ki, bu, klassik Tramp ritorikasıdır - sadə, sərt və bir qədər ironik. Amma ifadənin arxasında çox ciddi siyasi mesaj var. Onun sözlərinə görə, Tramp bu fikirlə Rusiya liderinin ikili davranış modelini hədəfə alır: bir tərəfdən masa arxasında sakit və diplomatik danışıq, digər tərəfdən isə hərbi aqressiya və bombardman. Bu ritorika əslində onun Rusiya ilə bağlı gələcək siyasətinin konturlarını da göstərir - yəni, ABŞ güzəşt yox, təzyiq və texnoloji üstünlüklə cavab verəcək.

Müsahibimiz hesab edir ki, bu çıxış ABŞ-nin Rusiya siyasətində yeni dövrün başlanğıcı kimi qiymətləndirilə bilər. Politoloq bildirib ki, əgər Tramp administrasiyası bu kursu davam etdirərsə, bu, əvvəlki dövrdən fərqli olaraq daha açıq iqtisadi rıçaqların və texnoloji yardım vasitələrinin tətbiqi ilə müşayiət olunan bir mərhələnin başlanğıcı olacaq. “Biz göndərəcəyik, onlar pulunu ödəyəcək” yanaşması ABŞ-nin həm Ukraynaya dəstəyini davam etdirəcəyini, həm də bunun maliyyə yükünü Avropa ilə bölüşmək niyyətində olduğunu göstərir.

“Patriot” sistemlərinin Ukraynadakı vəziyyəti dəyişə biləcəyinə gəlincə, Z.Qarayeva bunu mümkün sayır. Dediyinə görə, “Patriot” zenit sistemləri Ukraynanın hava hücumlarından qorunmasında ciddi fərq yarada bilər:

“Bu sistemlər xüsusilə ballistik və qanadlı raketlərə qarşı yüksək effektivliyə malikdir. Onların tətbiqi, Kiyev kimi böyük şəhərlərin, enerji infrastrukturunun və hərbi obyektlərin qorunmasını gücləndirəcək. Bu, həm cəbhədə, həm də arxa cəbhədə Ukraynanın strateji dayanıqlığını artıracaq”.

“Bu sistemlərin maliyyəsini Avropa ölkələrinin ödəməsi nə ilə bağlıdır” sualına cavabında isə Z.Qarayeva bildirib ki, Trampın yanaşması realpolitik əsaslara söykənir:

“O hesab edir ki, Avropa öz təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalı və ABŞ-ın xərclərini kompensasiya etməlidir. Bu, NATO daxilində yük bölgüsünə dair uzun illərdir davam edən müzakirələrin davamıdır. ABŞ texnologiya verir, Avropa isə pul ödəyir - bu, Trampın balanslaşdırılmış təhlükəsizlik siyasətinin əsas prinsipidir”.

Züriyə Qarayeva: Əgər Rusiya hücumlarını davam etdirərsə, ABŞ-nin Ukraynaya dəstəyi artacaq

Həmsöhbətimiz vurğulayıb ki, bu, çox açıq və sərt mesajdır: ABŞ Ukraynanı tək buraxmayacaq və müdafiə qabiliyyətini artıracaq. Həm də bu, Moskvanın hava üstünlüyünə dair iddialarının zəifləməsi deməkdir:

“Rusiya üçün bu, həm taktiki, həm də psixoloji təzyiq vasitəsidir. Çünki Ukrayna səmasına nəzarət zəifləyərsə, bu, Kreml üçün həm hərbi əməliyyatlarda çətinliklər, həm də siyasi risklər yaradacaq”.

Bəs bu proses daha da dərinləşəcəkmi?

Z.Qarayevaya görə, əgər Rusiya hücumlarını davam etdirərsə və münaqişədə yeni mərhələyə keçid baş verərsə, ABŞ-nin Ukraynaya dəstəyi həm miqyas, həm də texnoloji səviyyə baxımından artacaq. Tramp administrasiyası həm də bu dəstəyi gəlir mənbəyi və strateji alət kimi təqdim edəcək. Yəni bu proses birbaşa döyüş meydanı ilə yanaşı, beynəlxalq diplomatiyada da yeni balansların yaranmasına səbəb olacaq.

Zülfü Məmmədov


SON XƏBƏRLƏR

14 Iyul 2025