Kiyevin Rusiya ilə sammit tələbi Ukrayna birləşmələrinin həyata keçirdiyi açıq terror aktları fonunda qəribə səslənir.
Bakıvaxtı.az-ın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin hökumət üzvləri ilə keçirdiyi iclasda bildirib.
O qeyd edib ki, Kiyev Rusiyada dinc infrastruktura hücumlar həyata keçirir və eyni zamanda hərbi əməliyyatları 30, hətta 60 gün müddətinə dayandırmağı, ən yüksək səviyyədə görüşün keçirilməsini xahiş edir.
"Bəs bu şəraitdə belə görüşlər necə keçirilə bilər? Nədən danışmaq olar?" deyə Putin sual verib.
"Ümumiyyətlə, terrora "stavka" edənlərlə kim danışıqlar aparır? Terrorçularla? Hərbi əməliyyatlara möhlət verməklə onları nəyə görə cəsarətləndirmək lazımdır ki?" – Rusiya lideri vurğulayıb.
O, Bryansk və Kursk vilayətlərində baş verən terror aktlarından sonra Ukrayna ilə sammitin keçirilməsi və atəşkəsin təşkili imkanlarını şübhə altına alıb. O, hücumları dinc əhaliyə qarşı "məqsədyönlü zərbə" adlandırıb.
Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski Putinlə görüşə biləcəyini demişdi.
Deputat Rasim Musabəyov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, dünyada heç kim Ukraynanın Rusiya ərazisində həyata keçirdiyi əməliyyatı terror hücumu adlandırmır.
Deputat vurğulayıb ki, Ukrayna Rusiya ərazisində hərbi infrastruktura zərbə vurub:
"Vurulan təyyarələr Ukrayna ərazisini bombardman edən hərbi təyyarələr idi. Yəni legitim zərbələr üçün hədəf idi. Ukrayna da onları hədəf aldı. ABŞ-nin bu məsələdə məsafə saxlaması təbiidir. Ona görə ki, söhbət strateji qüvvələrin bir hissəsindən gedir. Belə olan halda həmin hədəflərin vurulmasında ABŞ-nin adının hallanması Rusiyanın iddialarla çıxış etməsinə səbəb ola bilər”.
Rasim Musabəyov: Putinin Trampla görüşü baş tutarsa, ondan sonrakı mərhələdə Zelenski ilə görüş də güngəmə gələr bilər
Musabəyov qeyd edib ki, Ukrayna tamamilə müharibə qanunlarına cavab verən əməliyyat keçirib. Təkcə təyyarələrin vurulması deyil, eyni zamanda Krım körpüsünün vurulması da hərbi qanunlara zidd deyil. Bu körpü vasitələri ilə hərbi daşınmalar həyata keçirilir.
Müsahibimiz vurğulayıb ki, Putin Zelenski ilə görüşmək istəmir:
"Bəlkə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşə bilər. Amma Putinin əsas istəyi Donald Trampla görüşməkdir. Trampla görüş baş tutarsa, ondan sonrakı mərhələdə Zelenski ilə görüş də güngəmə gələr bilər. Putinin Trampla görüşündə məqsəd odur ki, dünyanı bölüşdürsünlər".
Aydın Baxış