Tbilisidə yeni beynəlxalq hava limanının inşası müddəti təxirə salınıb. Aeroport ilk sərnişinləri 2031-ci ildə qəbul edə biləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin parlamentdə illik hesabatla çıxışından məlum olub.
Onun sözlərinə görə, tikintiyə hazırlıq işlərinə artıq başlanılıb.
“Tərəfdaşın seçilməsi proseduruna başlayacağıq və gələn il tərəfdaş şirkət müəyyən olunacaq. 2031-ci ildə hava limanını Vazianiyə köçürə biləcəyik”, - İ.Kobaxidze deyib.
Qeyd edək ki, Tbilisi yaxınlığındakı Vaziani qəsəbəsində keçmiş hərbi aerodromun yerində yeni aeroportun inşası ideyası 2023-cü ildə səsləndirilib. Hava limanının tikintisinə 2024-cü ildə başlanılacağı, 2028-ci ildə isə istifadəyə veriləcəyi gözlənilirdi.
İlkin qiymətləndirmələrə əsasən, layihəyə sərmayələr təqribən 1,3 milyard ABŞ dolları təşkil edə bilər.