• Bakı 19° C

    5.2 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Uşaqların qocaman dostu - Etibar Cəbrayıloğlu yazır
YAZARLAR
25 Dekabr 2021 | 14:26

Uşaqların qocaman dostu - Etibar Cəbrayıloğlu yazır

Etibar Cəbrayıloğlu

Teatr özü şənlik, karnaval, bayram deməkdir. Hər tamaşasında balacalara sevinc bəxş edən bir yaradıcı kollektivin yubileyidir. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının 90 yaşı tamam olur.

Yaşından, ad-sanından, janrından asılı olmayaraq ölkədəki bütün teatrların bu kollektivə bir minnətdarlıq borcu var. Çünki körpələri və məktəbyaşlı cocuqları teatr deyilən sirli-sehrli aləmlə ilk dəfə məhz Kukla Teatrı tanış edir. Özü də zövqlə, sevə-sevə, sənətə və tamaşaçıya böyük dəyər verərək.

Tənqidçilər, məlumatlı tamaşaçılar yaxşı bilir ki, Dövlət Kukla Teatrı Azərbaycandan kənarda da yetərincə tanınır, müxtəlif ölkələrdəki beynəlxalq festivallara dəvət alır. Bakıya qayıdanda da kollektiv əlidolu-prizlə, diplomla, mükafatla qayıdır. Dünyanın koronovirussuz dövrlərinə belə olub, pandemiyadan qurtulandan sonra da inşallah belə olar...

Mən özüm də tez-tez Kukla Teatrına gedirəm. İnanmırsınız? Həqiqətən də vaxt tapan kimi bu teatrın qapısını fərəhlə açıram, çünki orda mənim dostlarım, xətrini istədiyim istedadlı insanlar çalışır. Binası balaca olsa da, kollektivin ürəyi genişdir, səmimi bir yaradıcı mühit var. Sözsüz ki, bu məsələdə direktorun mövqeyi əsas yer tutur. Əziz dostum, bacarıqlı və təcrübəli təşkilatçı, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə bu sənətdə saç ağardıb. Bir-birindən maraqlı əsərlər müəllifi mərhum Rüfət Əhmədzadənin ocağında dünyaya gələn Rəşad bəy teatr mühitində böyüyüb, ona görə də tamaşaçıya, kollektivin yaradıcı heyətinə, və  texniki işçilərinə dəyər verməyi bacarır.

90 yaşını qeyd edən uşaqların qocaman dostunun uğurlarında istedadlı insan, Əməkdar artist Qurban Məsimovun baş rejissor kimi əziyyəti çoxdur. Yubiley ərəfəsində xoş sözlərdən, təbriklərdən teatrın musiqi hissə müdiri, gözəl bəstəkarımız, Əməkdar artist Vüqar Camalzadəyə də pay düşür. Gənc və istedadlı İqbal Əliyevin də teatrın baş rəssamı kimi öyünməyə haqqı var.            

Kukla Teatrı mənə görə həm də istedadlı yazar, səmimi insan, gözəllər gözəli Səidə Haqverdiyevanın, zəhmətsevər jurnalist Həmidə Rüstəmovanın, rejissor Anar Məmmədovun, kinonu beş barmağı kimi bilən Sevda Sultanovanın, truppa müdiri Elxan İsmayılovun doğma evidir.

90 yaşlı Kukla Teatrı deyəndə ilk yadıma düşən Əməkdar artistlər Rəhman Rəhmanov, Cəmilə Allahverdiyeva, istedadlı kukla aktyorları Elmira Hüseynova, Sona Quliyeva, Aygül Qurbanova, Rəhim Rəhimov, Cavid olur. Cavid Telmanı deyirəm, gələcəyin çox maraqlı bir aktyorunu...

Teatrın 90 illik yubileyində bu səmimi və fədakar kollektivin hər bir üzvünə mükafat, gözəl arzular, xoş sözlər yaraşır. Təbrik edirəm əziz dostlar, qapınız həmişə açıq olsun, binanızdan hər zaman uşaq səsi gəlsin! 


SON XƏBƏRLƏR

18 Aprel 2024