Cənubi Qafqazda diplomatik fəallıq yenidən artmaqdadır. Azərbaycanın 2020-ci ildə əldə etdiyi hərbi-siyasi qələbədən sonra bölgədə yeni reallıqlar formalaşıb və bu reallıqlar çərçivəsində uzunmüddətli sülh müqaviləsinin imzalanması məsələsi hələ də gündəmin əsas mövzularından biridir.
Son məlumata görə, yaxın günlərdə Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə ABŞ-nin moderatorluğu altında növbəti üçtərəfli görüş keçiriləcək. Bu təşəbbüs həm siyasi dairələrdə, həm də ictimai müstəvidə böyük maraqla qarşılanır.
Prosesin gedişatını, Vaşinqton formatının üstünlüklərini və regional geosiyasətə mümkün təsirlərini Bakıvaxtı.az olaraq politoloq Amid Əliyev ilə müzakirə etdik.
Onun sözlərinə görə, qarşıdan gələn bu görüş yalnız iki ölkənin deyil, bütövlükdə regionun gələcəyi baxımından əhəmiyyətlidir. Müzakirə olunacaq mövzular həm indiyədək cavabsız qalan sualları işıqlandıracaq, həm də müəyyən razılaşmaların daha da dəqiqləşdirilməsinə imkan verəcək. Prosesin ABŞ-ın moderatorluğu ilə aparılması isə yeni geosiyasi dinamikanın formalaşmaqda olduğunu göstərir.
Müsahibimiz bildirib ki,ABŞ bir vaxtlar ATƏT-in Minsk qrupunda həmsədr kimi çıxış edib və Cənubi Qafqazda baş verən proseslərə heç də yad deyil. Müxtəlif dövrlərdə Amerika rəhbərliyinin Azərbaycana qarşı birmənalı olmayan yanaşmaları müşahidə olunsa da, ümumən Vaşinqton-Bakı xətti daim əlaqədə saxlanılıb:
“Tramp dönəmində isə bu münasibətlər daha sıx və müsbət idi. İndi isə hər iki ölkənin liderlərinin ABŞ-a dəvət olunması bu əlaqələrin davam etdirilməsinə dair qarşılıqlı marağın göstəricisidir. Paralel olaraq, bu, Amerikanın bölgəyə olan yeni maraqlarının və artan diplomatik fəallığının bir təzahürüdür”.
Amid Əliyev: ABŞ-nin indiki təşəbbüsü isə daha sistemli və ümidverici görünür
Bu vasitəçilik uğrunda təkcə ABŞ deyil, Aİ və Rusiya da müəyyən səylər göstərib. ABŞ-nin təşəbbüsünün digərlərindən fərqinə gəlincə, müsahibimizin sözlərinə görə, 2020-ci ildən sonra bir neçə beynəlxalq güc - Avropa İttifaqı, Rusiya və ABŞ vasitəçilik rolunu öz üzərinə götürməyə çalışdı. Lakin bu güclərin hər biri prosesi daha çox öz maraqlarına uyğun istiqamətləndirməyə çalışdı:
“ABŞ-nin indiki təşəbbüsü isə daha sistemli və ümidverici görünür. Xüsusilə də Rusiya tərəfindən son dövrlər həm Azərbaycana, həm də Ermənistana yönəlik təzyiq alətləri fonunda ABŞ-nin rolu bölgədə daha sabit və çevik alternativ kimi ortaya çıxır. Bu isə bütövlükdə region üçün ciddi üstünlükdür”.
“Zəngəzur dəhlizi məsələsində hansı irəliləyişlər gözlənilir? Bu görüş bu baxımdan nə ilə yadda qala bilər” sualına cavab verən A.Əliyevin sözlərinə görə, uzun müddətdir ki, Zəngəzur dəhlizinin necə fəaliyyət göstərəcəyi və kimlərin bu prosesə nəzarət edəcəyi sual altındadır. Müsahibimiz bildirib ki, ABŞ bu məsələdə həm nəzarət, həm də texniki mexanizmlərlə bağlı konkret yanaşmalar ortaya qoymağa başlayıb. Bu da onun vasitəçilik statusunu daha da gücləndirir və legitimləşdirir.
“Gözlənti ondan ibarətdir ki, Vaşinqton formatında keçiriləcək bu görüş yeni reallıqların hüquqi çərçivəyə salınmasına, regionda sabitliyin güclənməsinə və iqtisadi əməkdaşlığın daha ədalətli bölüşdürülməsinə zəmin yaradacaq. Paralel olaraq, ABŞ-nin Qafqaz siyasətində yeni xəttin konturları da daha aydın şəkildə görünəcək”, - deyə Amid Əliyev əlavə edib.
Əli Hüseynov