Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə görə tətbiq olunacaq ödənişlərin məbləği müəyyən edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin açıqlamasında bildirilib.
Qeyd olunub ki, Azərbaycan Respublikası Su Məcəlləsinin 99-cu maddəsinə əsasən, su obyektlərindən istifadə ilə bağlı ödəniş növləri və qaydaları Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
Nazirlər Kabinetinin 14 aprel 2026-cı il tarixli 99 nömrəli Qərarı ilə “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin məbləğləri” və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə fiziki və hüquqi şəxslər arasında su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə dair müqavilənin forması təsdiqlənib.
Qərara əsasən, ödənişlərin məbləği su obyektinin növündən – Xəzər dənizi, çaylar, göllər və yeraltı sulardan – həmçinin istifadə məqsədindən asılı olaraq dəyişir. Tariflər götürülən suyun və axıdılan tullantı sularının həcminə, eləcə də istifadə olunan su akvatoriyasının sahəsinə uyğun müəyyənləşdirilib.
Belə ki, Xəzər dənizindən sənaye məqsədilə götürülən 10 min litr su üçün 4 qəpik, çay və göllərdən sənaye məqsədilə götürülən 1000 litr su üçün 4 qəpik ödəniş nəzərdə tutulub.
Çay və göllərdən kənd və meşə təsərrüfatı məqsədilə götürülən 10 min litr su üçün 1 qəpik, balıqçılıq və akvakultura məqsədilə götürülən 100 min litr su üçün isə 1 qəpik müəyyən edilib.
Yeraltı sulardan sənaye məqsədilə götürülən 1000 litr su üçün 40 qəpik, balıqçılıq və akvakultura məqsədilə götürülən 100 min litr su üçün 2 qəpik ödəniş tətbiq olunacaq.
Tullantı sularının su obyektlərinə axıdılmasına görə də tariflər müəyyənləşdirilib. Xəzər dənizinə məişət və sənaye tullantı sularının axıdılması zamanı hər 1000 litr üçün 1 qəpik, çay və göllərə məişət tullantı sularının axıdılması zamanı 1 qəpik, sənaye tullantı sularının axıdılması zamanı isə 4 qəpik ödəniş nəzərdə tutulub.
Tullantı suları sutəmizləyici qurğularda müəyyən edilmiş normalara uyğun səviyyəyə çatdırıldıqdan sonra su obyektlərinə axıdıldıqda isə ödənişlərə 0,7 əmsalı tətbiq edilir.
Xidmətin açıqlamasında bildirilib ki, müəyyən edilən tariflər su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə görə mövcud qiymətlərlə müqayisədə xeyli aşağı səviyyədədir.
Xüsusilə kənd təsərrüfatı sahəsində tətbiq olunan tariflərin aşağı olması bu ödənişlərin kənd təsərrüfatı məhsullarının qiymətinə ciddi təsir göstərməsini gözlənilən etmir və sahibkarlar üçün əhəmiyyətli əlavə maliyyə yükü yaratmır.
Yeni ödəniş mexanizminin tətbiqi su ehtiyatlarından səmərəli və məqsədyönlü istifadənin təşviqinə, sudan istifadə sahəsində uçot və hesabatlılığın gücləndirilməsinə, həmçinin su ehtiyatlarının mühafizəsi və dayanıqlı idarə olunmasına xidmət edəcək.




