"Uşaqların oyun zamanı seçdikləri obrazlar və qurduqları süjetlər onların emosional vəziyyəti və gündəlik həyat təcrübələri haqqında mühüm məlumat verir".
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Elnarə Baxışlı nazirliyin “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.
Onun sözlərinə görə, uşaqların yaşına uyğun olaraq oyuna yanaşma tərzi dəyişir.
“Üç yaşına qədər uşaqlar ətraf mühiti toxunmaq və dadmaq yolu ilə öyrəndikləri üçün oyun prosesində böyüklərin dəstəyinə ehtiyac duyurlar. Üç yaşdan yeddi yaşadək isə uşaqlar müstəqil oynamağa başlayırlar. Bu dövrdə onların oyununa davamlı müdaxilə etmək düzgün deyil, lakin tam nəzarətsiz də buraxılmamalıdır”, – deyə psixoloq bildirib.
Elnarə Baxışlı qeyd edib ki, uşaqlar gündəlik həyatda gördükləri hadisələri və izlədikləri məzmunu oyunlarında əks etdirirlər.
“Onlar məktəbdə, bağçada, məhəllədə gördükləri münasibətləri, eləcə də sosial şəbəkələrdə, videolarda və elektron oyunlarda rast gəldikləri obrazları öz oyunlarına köçürürlər. Valideynlər məhz bu oyunları müşahidə etməklə uşağın nələri mənimsədiyini və bunun inkişafına necə təsir göstərə biləcəyini görə bilərlər”, – deyə o vurğulayıb.
Psixoloq əlavə edib ki, uşağın oyununda narahatlıq doğuran məqamlar müşahidə olunarsa, valideynlər sərt qadağalar qoymaq əvəzinə onu sakit şəkildə fərqli oyunlara yönləndirməlidirlər.
Zeynəb Rzayeva
Bakı 



