• Bakı 10° C

    6.02 m/s

  • USD - 1.7

    EUR - 1.9874

    RUB - 2.1662

Aİ və Ermənistanın yeni siyasi sənədi: regiondakı sülh prosesinə təsir edəcək riskli addım

SİYASƏT

11 Dekabr 2025 | 13:19

Aİ və Ermənistanın yeni siyasi sənədi: regiondakı sülh prosesinə təsir edəcək riskli addım

Ermənistanla Avropa İttifaqı arasında “Strateji Tərəfdaşlıq Gündəliyi” adlı yeni siyasi sənədin imzalanması regionda gedən sülh prosesinə və geosiyasi balanslara təsir baxımından diqqət çəkən hadisəyə çevrildi.

Ermənistanın Avropa İttifaqı ilə geniş məzmunlu siyasi sənədi məhz indiki mərhələdə imzalaması təsadüfi deyil. Regionda sülh sazişi üzrə son aylarda müşahidə olunan irəliləyiş, xüsusilə Bakı-İrəvan danışıqlarında konkret konturların yaranması, Ermənistanın öz mövqelərini yenidən bəlli güclərə söykəmə ehtiyacını gücləndirib. İrəvan anlayır ki, uzun illərdir davam edən qeyri-müəyyən təhlükəsizlik arxitekturası çöküb, Rusiya ilə əvvəlki formatda əməkdaşlıq artıq etibarlı dayaq kimi görünmür və real sülh sazişi Ermənistandan əlavə öhdəliklər tələb edəcək. Məhz buna görə, Aİ ilə imzalanan sənəd Ermənistan üçün yeni siyasi “təhlükəsizlik yastığı” yaratmaq və öz danışıqlar mövqeyini Qərbin siyasi çəkisi ilə gücləndirmək cəhdidir.

Avropa İttifaqı da bu sənədi regiondakı dəyişikliklərin fonunda öz nüfuzunu bərpa etmək və prosesə daha birbaşa təsir imkanları əldə etmək üçün bir vasitə kimi görür. Son iki ildə Aİ bölgədəki geosiyasi rəqabətdə geridə qaldığını hiss edir: Vaşinqton danışıqlarda əsas platformaya çevrilib, regionun enerji və nəqliyyat xəritəsi isə fərqli aktorların təsiri ilə formalaşır. Brüssel bu sənədlə həm Ermənistanı öz orbitinə daha sıx bağlamağa, həm sərhəd müşahidə missiyası kimi alətləri qorumağa, həm də regionun gələcək təhlükəsizlik memarlığında “qaçılmaz tərəf” olduğunu göstərməyə çalışır. Yəni sənəd Aİ üçün həm siyasi simvol, həm də bölgədə yerdəyişən güc balansına cavabdır.

Lakin bu addım eyni zamanda sülh prosesinin məntiqi ilə ciddi ziddiyyətlər yaradır. Çünki belə sənədlər Ermənistanı real razılaşma masasında konstruktiv davranışdan uzaqlaşdırır, “Qərbin siyasi dəstəyi” illüziyasına söykənən yeni tələb və şərtlər formalaşdırır. Bu isə danışıqların təbii ritmini pozur və hər addımda texniki məsələləri siyasi mübahisəyə çevirir. Aİ-nin sənəddə birtərəfli vurğulara yer verməsi, regionda yeni təhlükəsizlik mexanizmlərinin təşviqi və müşahidə missiyasının mövcudluğunun prioritetləşdirilməsi prosesin neytrallığına xələl gətirə bilər. Bu yanaşma həm Ermənistan daxilində populist dairələrin mövqelərini gücləndirir, həm də əldə olunmuş müsbət dinamikanı riskə atır.

Nəticə olaraq, Aİ-Ermənistan sənədinin zamanlaması və məzmunu açıq şəkildə göstərir ki, tərəflər daha çox geosiyasi üstünlük qazanmağa, öz regional çəkisini artırmağa və sülh prosesinin konturlarını siyasi alətə çevirməyə çalışır. Lakin bu strategiya Ermənistan üçün uzunmüddətli perspektivdə risklidir: real təhlükəsizlik təminatları yaratmır, danışıqlarda məsuliyyəti yayındırır və regional nizamın formalaşmasını ləngidir. Sülhə ən çox ehtiyac olduğu bir vaxtda siyasi manevrlər çoxaldıqca, prosesin dayanıqlığı daha kövrək hala gəlir. Bu isə nə regiona, nə də tərəflərin özünə fayda gətirir.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR