Almaniya hökuməti ölkədə 2,3 milyard kubmetr həcmində strateji təbii qaz ehtiyatının yaradılması üçün 1,5 milyard avro vəsait ayırmağı planlaşdırır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi öz mənbəyinə istinadən məlumat yayıb.
Məlumata görə, İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan bu planın avqustun ortalarına qədər razılaşdırılacağı gözlənilir. Yaradılacaq strateji ehtiyat energetika infrastrukturuna qarşı mümkün təxribatlar və ya qlobal bazarda yaranacaq kəskin qıtlıq kimi fövqəladə hallarda ölkənin enerji təhlükəsizliyini təmin etməyə hesablanıb.
Nəzərdə tutulan qaz ehtiyatı (2,3 milyard kubmetr) Almaniyadakı bütün mövcud qaz anbarlarının ümumi tutumunun təxminən 10%-nə bərabərdir. Ehtiyatın yaradılması, qazın satın alınması və 2027-2028-ci illər ərzində anbarlara vurulması ümumilikdə 1,2-1,5 milyard avroya başa gələcək. Bu qaz ehtiyatının illik saxlanma və texniki xidmət xərcləri isə 150-180 milyon avro təşkil edəcək.
Zeynəb Rzayeva
Bakı 



