Avropa ölkələrinin “istəyənlər koalisiyası” çərçivəsində Ukraynaya təhlükəsizlik təminatları verməyə hazır olduqları barədə açıqlamalar diqqətçəkicidir. Bu təşəbbüs, ilk növbədə, Ukraynanın davamlı dəstəklənməsi və Rusiyanın təzyiqlərinə qarşı siyasi siqnal kimi şərh edilə bilər.
Lakin burada əsas məqam ondan ibarətdir ki, Avropa dövlətləri bu addımı ABŞ-nin mövqeyi ilə uzlaşdırmadan atmaq istəmirlər. Bu, həm siyasi, həm də hərbi baxımdan Vaşinqtonun dəstəyinin hələ də əvəzolunmaz olduğunu göstərir.
Görüşün nəticələri, böyük ehtimalla, Ukraynaya uzunmüddətli təhlükəsizlik zəmanətlərinin şərtlərinin müzakirəsi və koalisiya ölkələrinin bu məsələdə vahid mövqe nümayiş etdirməsi ilə yekunlaşa bilər. Hərçənd, ABŞ-nin açıq dəstəyinin olmaması Avropa liderlərinin atacağı addımları məhdudlaşdırır. Əgər Vaşinqton bu istiqamətdə pozitiv mövqe sərgiləsə, Ukrayna üçün siyasi və hərbi təminatların konkretləşməsi mümkündür. Əks halda, Avropa ölkələrinin öhdəlikləri bəyanat səviyyəsində qala bilər.
Avropa dövlətlərinin ABŞ-nin mövqeyini gözləməsi transatlantik münasibətlərin asılılıq xarakterini bir daha üzə çıxarır. NATO-nun təhlükəsizlik memarlığında ABŞ-nin ın hərbi və maliyyə resurslarının dominant rolu Avropanın hələ də müstəqil hərbi-strateji güc mərkəzi ola bilmədiyini göstərir. Bu, eyni zamanda, Avropa İttifaqının uzun illərdir müzakirə olunan “strateji muxtariyyət” konsepsiyasının reallaşmasında qarşılaşdığı çətinliklərin təsdiqidir.
Beləliklə, Avropanın Ukraynaya təhlükəsizlik zəmanəti təşəbbüsü siyasi baxımdan əhəmiyyətli olsa da, ABŞ amilinə bağlılığı göstərir. Bu, Avropanın hələ də öz təhlükəsizlik siyasətini tam müstəqil şəkildə formalaşdırmaq iqtidarında olmadığını və transatlantik koordinasiyanın davamlı zərurətini ortaya qoyur.
Ruslan Zəngəzur